Tarixi səsvermədə deputatlar İngiltərə və Uelsdə ölümcül xəstəliyi olan böyüklərə öz həyatlarını sonlandırmaq hüququ verəcək qanun layihəsini təsdiqləyiblər. Bu qərar ölkədə böyük sosial dəyişikliklərin əsasını qoya bilər. "Ölümcül xəstələr qanunu" adlanan layihə 314 səs lehinə, 291 səs əleyhinə olmaqla qəbul edilib və indi daha geniş müzakirə üçün Lordlar Palatasına göndəriləcək.
Qanun layihəsi 23 səs fərqi ilə qəbul olunub ki, bu da noyabr ayında keçirilən ilkin səsvermədəki 55 səs fərqindən azdır.
Səsvermə duyğulu çıxışlarla müşayiət olunub. Bir çox deputat dostlarının və qohumlarının ölümünü şəxsən izlədiklərini bölüşərək emosional nitqlər söyləyiblər.
Bu ilin sonuna qədər Lordlar Palatasının da qanun layihəsini təsdiqləyəcəyi gözlənilir, lakin bu hələ dəqiq deyil. Əgər qanun layihəsi qəbul edilərsə, hökumət bu tədbirləri həyata keçirmək üçün maksimum dörd il müddətində hərəkətə keçməlidir. Bu isə o deməkdir ki, yardımlı ölüm sistemi ən tez 2029-cu ildə tətbiq oluna bilər.
Deputatlara bu qanun layihəsi üzrə azad səsvermə hüququ verilib, yəni partiya xəttinə sadiq qalmaq məcburiyyətində deyildilər.
Baş nazir Sir Keir Starmer qanun layihəsini dəstəkləyib, lakin Mühafizəkarların lideri Kemi Badenoch və səhiyyə naziri Wes Striting onun əleyhinə səs veriblər.
Leyborist deputat Kim Leadbeater bu qanun layihəsini İcmalar Palatasından keçirmək üçün rəhbərlik edib. Səsvermədən sonra BBC-yə açıqlamasında o, "sevincdən uçduğunu" bildirib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
