İngiltərənin "Aston Villa" klubunun argentinalı qapıçısı Emiliano Martinez "Mançester Yunayted"ə transfer olunmaq istəyir. Klub rəhbərliyinin isə futbolçunun satışına müsbət yanaşdığı bildirilir.

Premyer Liqada yay transfer pəncərəsi sürətlənməkdə davam edir. Bu müddətdə qapıçı bazarında da diqqətçəkən hadisələr baş verir. İngiltərə mediasının yaydığı məlumata görə, "Mançester Yunayted" təcrübəli qolkiper Emiliano Martinezlə maraqlanır və futbolçunun özü də bu keçidə müsbət baxır.
Məlumatlara əsasən, Martinez artıq klub rəhbərliyinə "Mançester Yunayted"ə keçmək istədiyini bildirib. "Aston Villa" tərəfi də bu istəyə anlayışla yanaşıb. Klubun 2029-cu ilə qədər müqaviləsi olan ulduz qapıçı üçün təyin etdiyi təzminat məbləği isə 40 milyon avrodur. Bu rəqəm Martinez’in hazırkı bazar dəyərinin (20 milyon avro) ikiqatı olması ilə diqqət çəkir.
Digər tərəfdən, Emiliano Martinezin adı yalnız "Mançester Yunayted"lə deyil, "Qalatasaray"la da hallanıb. Fernando Musleranın ayrılığı fonunda Martinez İstanbul təmsilçisinin yeni əsas qapıçısı ola biləcək namizədlərdən biri kimi göstərilib. "Qalatasaray"ın da futbolçu ilə ilkin təmas qurduğu məlum olsa da, hazırda "Mançester Yunayted"in bu transfer yarışında bir addım öndə olduğu və tərəflərin transfer məbləği üzərində razılığa yaxın olduğu bildirilir.
Mənbə : NTV spor
Tərcümə etdi : Nərgiz Orucova
