Bu gün:

Artıq elektrik enerjisi olmadan da havadan içməli su istehsal etmək mümkündür


Tarix boyu sudan və elektrikdən uzaq ərazilərdə yaşayan insanlar havadakı nəmi içməli suya çevirmək üçün müxtəlif üsullar işləyib hazırlayıblar.

Avstraliya alimləri elektrik enerjisi tələb etmədən havadan içməli su istehsal edən inqilabi cihaz hazırlayıblar. Bu innovativ sistem xüsusilə enerji infrastrukturunun məhdud olduğu və ya mövcud olmadığı ərazilərdə milyonlarla insanın təmiz suya çıxışını təmin edə bilər.


Kral Melburn Texnologiya İnstitutunun (RMIT) tədqiqatçıları tərəfindən hazırlanmış bu su kollektoru atmosferdəki nəmi udur və günəş işığına məruz qaldıqda onu içməli suya çevirir. Kub formalı qurğu tədqiqatçıların mikroskopik məsamələri olan süngər quruluşa çevirdiyi ağaca əsaslanır. Bu məsamələr su molekullarını havadan güclü şəkildə cəlb edən litium xlorid duzu ilə doldurulur.


Cihazın bir səthi günəş işığını istiliyə çevirən xüsusi karbon nanoboru mürəkkəblə örtülmüşdür. Bu, udulmuş su molekullarını buxarlandırır və onları distillə edilmiş içməli suya çevirir. Texnologiya 30 faizə qədər aşağı rütubət səviyyələrində işləyə bilər ki, bu da onu səhralar kimi quraq bölgələr üçün ideal edir. Sınaqlarda cihazın gecədə qram başına təxminən 2,5 mililitr su topladığı və günəş işığına məruz qaldıqda bu suyu 94 faiz səmərəliliklə buraxdığı müşahidə edilib.


Susuzluq keçmişdə qalacaq

Bu dizaynın ən böyük üstünlüklərindən biri onun əhəmiyyətli infrastruktur tələb etməməsidir. Elektrik enerjisi olmadan işləməsi və sadə quruluşu ilə davamlı su mənbəyi həllini təmin edərək su qıtlığı yaşayan bölgələrdə həyat keyfiyyətini yaxşılaşdırmaq potensialına malikdir. Bu ixtira təmiz suya çıxış problemi istiqamətində perspektivli addım kimi qiymətləndirilir.


Digər tərəfdən, dünyanın müxtəlif yerlərində əhəmiyyətli dərəcədə təmiz su istehsalını təmin edə bilən havadan nəm tutmaq üçün şəbəkə strukturları istifadə olunur. Bu torların xüsusi mikro-toxunma variantları da səhralarda su toplamaq üçün istifadə olunur.


Mənbə: Chip.com

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et