Bu gün:

“Yaralı kavaler” - William Shakespeare Burton


"İncəsənətin inciləri" rubrikası "Yaralı kavaler" əsərini təqdim edir. 

William Shakespeare Burtonun 1855-ci ildə çəkdiyi “The Wounded Cavalier” (“Yaralı kavaler”) əsəri vətəndaş müharibəsinin dramatik ab-havasını və qarşıdurmanın insani tərəfini ifadə edən güclü bir tarixi kompozisiyadır. Tablo XVII əsr İngiltərə Vətəndaş Müharibəsi dövründə Krala sadiq “kavaler”-lərlə parlament tərəfdarı “puritanlar” arasında baş verən qızğın ideoloji və silahlı mübarizəni təsvir edir.

Rəsm əsərinin mərkəzində yerdə huşsuz və ölüm ayağında uzanan gənc kavaler yer alıb. Onun başı bir gənc qızın qucağındadır və qızın baxışları həm mərhəmət, həm də qəmlə doludur. Puritan paltarında olan bu qız, əslində, qarşı tərəfi, yəni düşmənini xilas etməyə çalışır. Ağac arxasında durub qəzəb və qısqanclıqla baxan bir gənc oğlan var. Onun əlində qılınc var və görünür ki, hadisənin bir hissəsi olub. Bəlkə də, həmin oğlan puritan ailəsinin üzvüdür və qarşı tərəfdən olan birinin bu cür mərhəmətlə qarşılanmasından narahatdır.

Burton burada döyüşdən çox, insan duyğularının ziddiyyətini vurğulayır: sevgi və nifrət, mərhəmət və düşmənçilik, ölüm və ümid. Rəssam ağacların arasındakı sıx meşə ilə bu gərginliyi vizual olaraq da dəstəkləyir. Qəhrəmanlar sanki təkcə müharibənin yox, həm də vicdanın, əxlaqın və hisslərin labirintində itiblər.

“The Wounded Cavalier” Viktoriya dövründə bədii və mənəvi baxımdan yüksək qiymətləndirilib. Pre-Rafaelit təsiri hiss olunsa da, Burton-un işləri daha realist və psixoloji dərinliklə seçilib. Bu tablo siyasi düşmənlərin arasında belə insani bağların necə yarana biləcəyini göstərərək həm dövrün tarixinə, həm də zamanın fövqündə duran əxlaqi suallara toxunur.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et