Bu gün:

Süni intellekt niyə saat oxumaqda və təqvim hesablamalarında uğursuzdur?


Süni intellektlər artıq proqram kodları yaza, şeirlər qurub şəkillər çəkə bilirlər. Amma ənənəvi bir divar saatına baxaraq saatı düzgün söyləyə bilmirlər. Bu faktı gördükdə insan beyninin nə qədər heyranedici və güclü çalışdığını bir daha anlayırıq.Təqvim vərəqində gün tapmaq və ya saatın neçə olduğunu söyləmək bizim üçün gündəlik bir iş olsa da, süni intellektlər üçün hələ də mürəkkəb bir tapşırıqdır.

2025-ci ildə keçirilən Beynəlxalq Öyrənmə Nümayəndəlikləri Konfransında təqdim olunan araşdırmaya görə, GPT-4o, Gemini 2.0, Claude 3.5 Sonnet və LLaMA 3.2 Vision kimi ən müasir süni intellekt modelləri, analoq saatları düzgün oxumaqda olduqca zəif nəticələr göstərib.

Tədqiqatçılar bu sistemlərə müxtəlif saat şəkilləri və təqvim nümunələri təqdim ediblər. Nəticələr gözlənilməz olub: süni intellektlər saatları cəmi %38.7 dəqiqliklə oxuya bilib. Təqvim hesablama məsələlərində isə bu göstərici %26.3-ə qədər enib.

Saat oxumaq süni intellektlər üçün niyə bu qədər mürəkkəbdir?

Edinburq Universitetindən tədqiqatçı Rohit Saxena bildirir ki, bu problem əsasən çox sadə bir idrak fərqindən qaynaqlanır. İnsanlar saat oxuyarkən bucaqları hesablayır, əqrəblə yelqovanı ayırd edir, bəzi hallarda isə Roma rəqəmlərini də təhlil edir.

Bu prosesdə məkan düşüncəsi, kontekstual təhlil və riyazi məntiq rol oynayır. Lakin süni intellektlər əsasən nümunə tanıma əsasında çalışır. Onlar üçün “bu bir saatdır” demək asandır, lakin “saat neçəyədir?” sualına düzgün cavab vermək əlavə bacarıq tələb edir.

Təqvim hesablama niyə çətinlik yaradır?

“153-cü gün həftənin hansı gününə düşür?” kimi suallar sadə riyazi məsələ kimi görünsə də, süni intellektlər üçün bu belə deyil. Çünki böyük dil modelləri, saat oxumaqda olduğu kimi, dəqiq riyazi əməliyyatlarla deyil, əvvəlki nümunələrdən ehtimal çıxararaq cavab verməyə çalışırlar.


Bu səbəbdən verilmiş bir tarixin həftənin hansı gününə uyğun gəldiyini müəyyənləşdirməkdə tez-tez səhvlər edirlər. Araşdırmaçılar bildirirlər ki, artıq illər, böyük illik təqvim formatları kimi mövzularda da yüksək səhv nisbətləri müşahidə olunub.

Gündəlik tapşırıqlarda ciddi çatışmazlıq

Saat qurmaq, görüş planlamaq və ya xatırlatma təyin etmək kimi gündəlik fəaliyyətlər zaman anlayışının düzgün dərkini tələb edir. Əgər bu sahədə hələ də ciddi çatışmazlıqlar mövcuddursa, süni intellektlərin gündəlik həyatda problemsiz işləməsi hələ mümkün deyil.

Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et