Son illərdə Cənubi Koreya istehsalı olan serial və filmlər dünya miqyasında geniş populyarlıq qazanıb. Bu uğurun səbəbləri yalnız yüksək keyfiyyətli prodüksiyada deyil, eyni zamanda, emosional təsir, universal temalar və mədəni strategiyada axtarılmalıdır.

1990-cı illərdən etibarən Cənubi Koreya hökuməti mədəniyyət məhsullarını – serial, film, musiqi, moda və kosmetikanı – iqtisadi ixrac sahəsi kimi inkişaf etdirməyə başlayıb. Dövlət dəstəkləri yaradıcı sənayelərin böyüməsinə, prodüksiyanın keyfiyyətinin artmasına səbəb olub. "Digital Media City" kimi layihələrlə kontent istehsalı mərkəzləşdirilib, beynəlxalq yayım şəbəkələri gücləndirilib. Netflix kimi qlobal platformalarla əməkdaşlıq nəticəsində Koreya dramları dünyanın müxtəlif ölkələrində əlçatan olub və "yumşaq güc" vasitəsinə çevrilib.
K-dramaları fərqləndirən əsas cəhətlərdən biri də emosional səhnələrin gücüdür. Küçə işığı altında düşüncələrə dalan, qar altında telefon kabinəsində mesaj dinləyən və ya xatirələrlə üzləşən personajlar vasitəsilə tamaşaçı ilə dərin emosional əlaqə qurulur. Bu səhnələrdə dialoqlar minimuma endirilsə də, musiqi, vizual estetik və aktyorluq hissləri təsirli şəkildə ötürür.
Seriallarda yerli mədəniyyətə aid detallar olsa da, toxunulan mövzular – ədalətsizlik, zorakılıq, ailə bağları, sevgi və tənhalıq kimi universal temalar – beynəlxalq tamaşaçının da marağına səbəb olur. “Squid Game”, “The Glory” və “Extraordinary Attorney Woo” kimi nümunələr sosial problemləri cəsarətlə ekranlaşdırır.
K-drama ssenaristlərinin əksəriyyətinin qadın olması bu seriallarda fərqli bir perspektiv – "qadın baxış bucağı" yaradır. Bu, xüsusilə romantik janrda olsa da, kriminal, psixoloji triller və elmi-fantastik seriallarda güclü qadın obrazları ilə özünü göstərir.
Rəng palitrası, musiqi seçimi, kostyum dizaynı və kamera işinə verilən diqqət isə bu serialları vizual baxımdan cəlbedici edir. Bu səbəbdən “Squid Game”dəki geyimlər kimi bəzi elementlər qlobal populyar mədəniyyətin simvollarına çevrilib. Netflix və digər platformaların yatırımları isə bu keyfiyyətin davamlı artımını təmin edir.
Nəticə etibarilə, K-drama izləyiciləri yalnız ekranda deyil, real həyatda da Koreya mədəniyyətinə maraq göstərməyə başlayır, dil öyrənir, mətbəxlə tanış olur və hətta serialların çəkildiyi məkanlara səyahət edir. Cənubi Koreya mədəniyyət ixracının uğurlu modelinə çevrilərək dünyaya həm emosional, həm də estetik baxımdan təsir göstərməyi bacarır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
