Bu gün:

Tanrının bankirinin qətli


Roberto Kalvi İtaliyanın ən böyük özəl bankı olan nüfuzlu Banco Ambrosiano-nun rəhbəri olub. O, Roma Katolik Kilsəsinə o qədər yaxın olub ki, ona “Tanrının bankiri” deyiblər.

Amma 1982-ci ilin iyun ayında 62 yaşlı Kalvi itkin düşüb. 18 iyun səhəri isə onun cəsədi Londonda Blackfriars körpüsünün altında asılı vəziyyətdə tapılıb. "Kalvi beynəlxalq fırıldaqçılıq və intriqalarla dolu inanılmaz dərəcədə mürəkkəb bir torun mərkəzində idi"- Hyu Skalli bildirib.

Bankirin ölümü İtaliyada geniş siyasi və maliyyə qalmaqalına səbəb olub. Bu işdə milyonlarla dollar yoxa çıxıb və geridə uzun müddət açılmayan bir sirr qalıb. Kalvi doqquz gün yoxa çıxıb və onun cəsədi körpünün altındakı qurğularda asılı halda tapılıb. Amma ölümünün qəribə detalları Böyük Britaniya polisini çaşdırıb. Cibləri kərpiclərlə doldurulub və üstündə müxtəlif valyutalarda təxminən 10,000 funt sterlinq (14,000 dollar) pul olub. Həmçinin üzərində Gian Roberto Kalvini adına saxta pasport aşkar edilib. Bütün bunlara baxmayaraq, 1982-ci ilin iyulunda aparılan ilkin məhkəmə-tibbi ekspertizası onun bədənində zorakılıq izləri tapmadığı üçün intihar hökmü çıxarıb. Lakin onlar daha qaranlıq bir şeyin baş verdiyindən şübhələniblər.

"Kalvinin son səfəri intihar etməyi planlayan bir insanın davranışına bənzəmirdi" – deyə Skalli bildirib. "Əksinə, o, İtaliyadan gizli çıxmaq üçün olduqca detallı planlar hazırlayıb”. Kalvi tanınmamaq üçün bığlarını qırxıb, İtaliyadan gizli yollarla çıxmaq üçün başqa ölkələrdən keçib və Londona gizli reyslə gəlib. "O, Londonda bir aylıq ev kirayələyib, saxta pasport əldə edib və Braziliyaya bilet alıb"— Skalli əlavə edib. "Əgər məqsədi intihar idisə, niyə bu qədər əziyyət çəkib?"

Kalvinin ölümü Banco Ambrosiano ilə bağlı tək müəmmalı ölüm olmayıb. Onun cəsədi tapılmazdab bir gün əvvəl şəxsi katibi Teresa Korroçer Milan şəhərində bankın qərargahının dördüncü mərtəbəsindən özünü atıb. O, arxasında bir məktub qoyaraq Kalvini lənətləyib, onu bank və əməkdaşlarına ziyan vurmaqda ittiham edib. 

Kalvi və bankı siyasət, din, cinayət aləmi və maliyyə aləminin qaranlıq çərçivəsində fəaliyyət göstərib. 1896-cı ildə yaradılan Banco Ambrosiano uzun müddətdir Katolik Kilsəsi ilə sıx bağlı olub və Vatikan bankı onun əsas səhmdarı olub. İOR Papaya və ruhanilərə məxsus bank hesablarını idarə edib və eyni zamanda, kilsənin maliyyə yatırımlarını yönləndirib. Vatikan müstəqil dövlət olduğu üçün İtaliya hökumət orqanları İOR-un fəaliyyətinə nəzarət edə bilməyib. "Vatikan heç bir valyuta nəzarətinə və ya hökumət tənzimləmələrinə tabe deyil; hər şey gizlidir” — deyə Skalli deyib. 

Kalvi, Banco Ambrosiano rəhbəri kimi, İOR-un sədri amerikalı yepiskop Pol Marçinkus ilə yaxın əlaqələr qurub. Marçinkusun maliyyə dairələrində şübhə doğuran əlaqələri olub. Ən tanınanlarından biri ABŞ-də fırıldaqçılığa görə 25 il həbs cəzası çəkən mafiya əlaqəli beynəlxalq bankir Mikele Sindona olub. Sindona bank dairələrində "Köpəkbalığı" ləqəbi ilə tanınıb. O, daha sonra İtaliyaya ekstradisiya olunub və 1986-cı ildə zəhərli qəhvə içərək müəmmalı şəkildə ölüb. Sindona Kalviyə 1960-cı illərin sonlarından mentorluq edib və hər ikisi İtaliyanın sağçı ekstremist mason lojalarından biri olan “Propaganda Due” (P2) adlı gizli mason təşkilatının üzvü olublar. Bu mason təşkilatı mafiya ilə əlaqəli fəaliyyət göstərib və varlı faşist Licio Gelli tərəfindən idarə olunub. Onun üzvləri arasında ordu, siyasət, iş dünyası və KİV-dən tanınan fiqurlar olub.

1981-ci ilin mart ayında İtaliya polisi Gellinin ofisini basqın edərək yüzlərlə P2 üzvünün adlarının yazıldığı siyahını tapıb. Siyahıda siyasətçilər, hərbçilər və hətta gələcəkdə İtaliyanın baş naziri olacaq Silvio Berluskoni də olub. Bu fakt ölkədə siyasi böhran yaradıb. Baş nazir Arnaldo Forlani və kabineti istefa verib, polis rəisi intihar edib, keçmiş nazir isə dozadan zəhərlənərək xəstəxanaya aparılıb. Həmin vaxt Kalvini də qeyri-qanuni maliyyə fırıldaqları və xarici şirkətlər vasitəsilə pulların çıxarılmasında ittiham edən sənədlər tapılıb. 1981-ci ilin mayında Kalvi həbs olunub və valyuta qanunlarını pozduğuna görə 4 il həbs cəzası alıb. Ancaq apellyasiya prosesində zaminə buraxılıb və ölkədən qaçmağa müvəffəq olub. Özündə kompromat sənədləri daşıyıb. Londona gələndən bir neçə gün sonra Banco Ambrosiano batıb və arxasında böyük borclar qoyub.

“Roberto Kalvi yoxa çıxmazdan əvvəl İtaliya istintaq orqanları bankdan 1.5 milyard dolların yox olduğunu aşkar ediblər” — deyə Skalli xəbər verib. “İndi inanılır ki, bu pulların bir hissəsi İOR vasitəsilə xaricə köçürülüb. Bu pulların bir hissəsi Cənubi Amerika ölkələrinə aşağı faizlə borc verilib (Katolik Kilsəsinin göstərişi ilə), digər hissəsi isə Lüksemburq və Cənubi Amerikadakı saxta şirkətlərə köçürülüb. Beləliklə, Kalvi bank vəsaitlərini istifadə edərək öz şəxsi sərvətini artırıb”.

İstintaq zamanı məlum olub ki, Kalvinin qurduğu bu saxta şirkətlər həm mafiya üçün çirkli pulların yuyulması, həm də gizli siyasi layihələr üçün istifadə olunub. Bu faktlar Kalvinin öldürülməsi üçün motiv ola bilərdi. Kalvinin ailəsi də intihar qərarını qəbul etməyib və 1983-cü ildə ikinci ekspertiza “açıq hökm” verib. 1998-ci ildə cəsəd çıxarılıb və aparılan ekspertizalar onun intihar etmədiyini təsdiqləyib. 2002-ci ilin oktyabrında İtaliya məhkəməsi Kalvinin qətlə yetirildiyini rəsmən elan edib.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et