Bu gün:

Amin turşusu nədir?


Orqanizmin sağlam işləməsi üçün vacib olan əsas maddələrdən biri amin turşularıdır. Bəs amin turşusu nədir və nə üçün bu qədər önəmlidir?

Amin turşuları zülalların qurulmasında istifadə olunan əsas hissəciklərdir. Zülallar isə əzələlərdən tutmuş immunitet sisteminə qədər bədənimizdə bir çox vacib prosesdə rol oynayır. Hər bir zülal, müəyyən sıra ilə düzülmüş amin turşularından ibarət olur. Bu maddələr sayəsində insan orqanizmi böyüyür, yenilənir və özünü bərpa edir.


Alimlər 20 növ amin turşusu aşkar ediblər. Onlardan 9-u vacib sayılır, çünki bu amin turşularını bədənimiz özü istehsal edə bilmir. Buna görə də, biz onları qida vasitəsilə almalıyıq. Ət, süd və yumurta kimi heyvan mənşəli qidalar tam protein mənbəyidir, çünki onların tərkibində bütün vacib amin turşuları mövcuddur. Mərci, lobya və quinoa kimi bitki mənşəli qidalar da bu ehtiyacların qarşılanmasında önəmli rol oynayır.


Amin turşularının işi təkcə əzələ qurmaqla bitmir. Onlar hormonların yaranmasında, immunitet sisteminin gücləndirilməsində, enerjinin əldə olunmasında və sinir sisteminin sağlam qalmasında da mühüm rol oynayırlar. Xüsusilə, ağır fiziki iş görənlər və idmançılar daha çox zülala, bununla da amin turşularına ehtiyac duyurlar.


Balanslı və kifayət qədər protein qəbulu sağlam həyat üçün böyük əhəmiyyət kəsb edir. Ancaq unutmaq olmaz ki, amin turşusu əlavələri qəbul etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.


Amin turşuları təkcə idmançıların deyil, hər kəsin diqqət etməli olduğu həyati vacib molekullardır. Bədənin təməl daşları olan bu kiçik strukturların böyük təsiri sağlam həyat üçün əvəzolunmazdır.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et