24Media.az-ın budəfəki müsahibi psixoloq Nabat Mirzəyevadır. O, şəxsi inkişaf təlimlərinin gənclərin psixoloji durumuna və özünüdərkinə təsirlərindən danışıb.

Şəxsi inkişaf təlimləri gənclərin psixoloji durumuna və özünüdərkinə necə təsir edir?
Müasir dövrdə gənclərin inkişafı üçün təşkil olunan fərdi və peşəkar təlimlər onların həyatında mühüm rol oynayır. Belə təlimlər sayəsində gənclər zamanla özlərinin güclü və zəif tərəflərini kəşf edir, hansı sahəyə maraqlarının olduğunu və hədəflərini müəyyənləşdirirlər. Bu proses onlarda özünü tanıma və özünü dərketmə bacarığını formalaşdırır. Gənclər şəxsi inkişaf təlimlərinə qatıldıqca öz daxili aləmlərindəki duyğuları daha yaxşı başa düşür, xüsusilə də, “bacara bilmərəm” düşüncəsi ilə mübarizə aparmağı öyrənirlər. Bu da onların psixoloji dayanıqlığını artırır.
Təlimlərdə paylaşılan real həyat hekayələri və uğur nümunələri gənclərdə motivasiya yaradır, “mən də bacararam” fikrini formalaşdırır. Eyni zamanda, bu təlimlər ünsiyyət bacarıqlarının inkişafı, ictimai çıxışlarda özünü ifadə etmə , komanda ilə işləmə və liderlik keyfiyyətlərinin formalaşması üçün çox əlverişli bir platforma yaradır.
Bundan əlavə, təlimlər gənclərə praktik biliklər qazandırır və onları gələcəkdə seçəcəkləri peşə sahəsinə daha hazırlıqlı olmağa təşviq edir.
Nəticə etibarilə, belə təşəbbüslər təkcə fərdi inkişaf baxımından deyil, həm də cəmiyyətin sosial və intellektual inkişafı baxımından olduqca önəmlidir.
Çinarə Tarverdiyeva
