Leroy Saneni heyətinə qatmaq üçün səylərini davam etdirən “Qalatasaray” mövsüm əvvəli transfer çalışmalarını sürətləndirib. İstanbul təmsilçisinin gündəmində yer alan Hakan Çalhanoğlunun menecerinin yaxın günlərdə Türkiyəyə gəlməsi gözlənilir.

İtaliya A Seriyasının aparıcı klublarından olan “İnter”də baş məşqçi Simone İnzağinin komandadan ayrılmasının ardından milli futbolçu Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
İtaliya mətbuatında “İnter” klubunun təcrübəli yarımmüdafiəçini komandada saxlamaq istədiyi, lakin mümkün ayrılıq ehtimalına qarşı alternativ planlar hazırladığı bildirilib.
Məlumatlarda “İnter”in Hakan Çalhanoğlunu heyətində görməkdə israrlı olduğu vurğulansa da, transfer mövzusunda yeni bir inkişaf baş verib. “Tuttomercato” nəşrinin yaydığı xəbərə görə, futbolçunun meneceri Qordon Stipiç yaxın vaxtlarda İstanbula yollanacaq və “Qalatasaray” nümayəndələri ilə danışıqlar aparacaq.
Xəbərdə transferlə bağlı olaraq, “Okan Burukun çalışdırdığı Qalatasaray bir daha beynəlxalq transfer bazarının liderlərindən biri olmağı hədəfləyir” ifadəsinə yer verilib.
Hazırda İstanbul klubunun təklifi ilə “İnter”in tələb etdiyi transfer məbləği arasında fərq olsa da, tərəflər arasında razılığın əldə olunma ehtimalının hələ də mövcud olduğu qeyd olunub.
Yeni mövsümə sabiq futbolçusu Kristian Çivu rəhbərliyində başlayacaq “İnter” Hakan Çalhanoğlunun komandadan ayrılacağı təqdirdə onun əvəzinə mümkün alternativlərini də müəyyənləşdirib. Klubun transfer siyahısında “Parma”dan Adrian Bernabe və Mandela Keita, “Latsio”dan Nikolo Rovella, “Atalanta”dan Ederson və “Torino”dan Samuele Ricci yer alır.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
