Luçano Spalletti ilə yollarını ayıran İtaliya millisində baş məşqçi postuna Cennaro Qattuzo təyin olunub. Qattuzo İtaliya yığmasının 2006-cı ildə dünya çempionu olan heyətində futbolçu kimi yer alıb.

İtaliya Futbol Federasiyasından (FIGC) verilən açıqlamada, 47 yaşlı Qattuzonun İtaliya milli komandasının yeni baş məşqçisi olduğu bildirilib. Açıqlamada FIGC prezidenti Qabriele Qravinanın fikirlərinə də yer verilib:
"Qattuzo İtaliya futbolunun bir simvoludur. Göy-mavi forma onun üçün ikinci bir dəri kimidir. Onun motivasiyası, peşəkarlığı və təcrübəsi milli komandanın qarşısındakı çətinliklər üçün güclü bir təməl olacaq. Qarşımıza qoyduğumuz məqsədin əhəmiyyətinin fərqində olaraq, federasiyanın futbolun ümumi inkişafına yönəlik layihəsini qəbul edib bu çağırışı qəbul etdiyi üçün ona təşəkkür edirəm".
Qattuzonun baş məşqçi təyin olunması ilə bağlı iyunun 19-da Romada mətbuat konfransı keçiriləcəyi bildirilib.
Futbolçu karyerasını başa vurduqdan sonra Sion, Milan, Napoli, Valensiya, Olimpik Marsel və son olaraq Hayduk Split kimi klubları çalışdıran Qattuzo 2019–2020 mövsümündə "Napoli" ilə İtaliya Kubokunu qazanıb.
Xatırladaq ki, Cennaro Qattuzo 2006-cı ildə dünya çempionu olan İtaliya millisinin heyətində futbolçu kimi yer alıb.
2018 və 2022-ci illərdə dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya, 2021-ci ildə keçirilən (KOVID-19 səbəbilə təxirə salınmış) Avropa Çempionatında isə qalib olub. Hazırda isə komanda ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsinə gedə bilməmək qorxusu yaşayır.
2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsində ilk oyununda Norveçə 3:0 hesabı ilə məğlub olan İtaliya Futbol Federasiyası, baş məşqçi Luçano Spalletti ilə yollarını ayırmaq qərarı verib. Spalletti, komandanın ikinci oyunda Moldova üzərində 2:0 hesablı qələbəsindən sonra "Azzurri"dən ayrılıb.
Onun yerinə ilk namizəd olaraq "Roma"da uğurlu mövsüm keçirən Klaudio Ranyeri nəzərdən keçirilsə də, 73 yaşlı təcrübəli mütəxəssis bu təklifi geri çevirib.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
