
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Uzman Dr. Oftalmoloq Fariz Sadiqovdur. O, eynək və kontakt linzaların fərqi haqqında danışıb.
-Görmə problemi olanlara daha çox hansı tövsiyə edilir: eynək, yoxsa linza?
Hər ikisi də tövsiyə olunur. Bu göz problemlərinə görə dəyişir. Amma eynəyin və kontakt linzanın özünəməxsus xüsusiyyətləri var. Kontakt linzanın əsas cəhəti odur ki, taxıldığı zaman görməni daha aydın edir. Görmə bucağı çoxalır və daha aydın görüntü yaranır. İdmanla məşğul olanlar üçün çox rahatdır. Yaxud da yağış yağanda, çox buxarlı məkanlarda istifadə üçün əlverişlidir. Mənfi cəhəti odur ki, öyrəşmək çətin olur buna görə də tez-tez taxıb çıxarırlar. Bu zaman da gözə infeksiya düşmə təhlükəsi var. Bu təhlükənin qarşısını almaq üçün gigiyena qaydalarına əməl etmək lazımdır. Hansı ki, linzanı taxıb çıxarmazdan əvvəl əlləri yumaq lazımdır. Linza ilə yatmaq, dənizə, hovuza girmək olmaz, bele hallarda infeksiya təhlükəsi on qat daha yüksəkdir. Hər hansı bir qızartı, qeyri-adi hal baş verdikdə həkimə müraciət etmək lazımdır. Əgər kontakt linzadan düzgün istifadə edilməsə, korluğa qədər gətirib çıxarır. Digər bir gigiyena qaydası linzanın suyunun hər gün dəyişdirilməsidir. Linzadan istifadə edilməsə belə, suyu hər gün dəyişilməlidir. Eynəyin üstün cəhəti odur ki, öyrəşmək daha asandır, infeksiya təhlükəsi yoxdur, xüsusi növ eynəklər gözü travmaya qarşı qoruya bilir və maddi cəhətdən daha sərfəlidir. Mənfi cəhətləri ondan ibarətdir ki, görmə bucağı daha dardır, yağışlı, buxarlı havada şüşələr çirklənir və görmədə çətinlik yaradır. Böyük insanlarda eynəklər üçün həkim müayinəsi 2-3 ildən bir kifayətdir.
Lalə Mənəfova
