Bu gün:

Riyaziyyat elmi kəşfdir, yoxsa ixtira?


Riyaziyyat bəşəriyyət qədər qədimdir. İnsanlar rəqəmlərlə tanış olduqları andan kainatı anlamaq üçün ona üz tutublar. Lakin bu gün belə cavabı bəlli olmayan bir sual alimləri və filosofları iki yerə ayırır: Riyaziyyat kəşf olunmuş reallıqdır, yoxsa insanın ixtirası?

Kəşf tezisinin müdafiəçiləri: “Riyaziyyat kainatın dilidir”

Kəşf baxışını müdafiə edənlərə görə, riyaziyyat təbiətdə onsuz da mövcud olan quruluşu üzə çıxarır. Onlar çiçək ləçəklərində, qalaktikaların spiral formasında və DNT-nin quruluşunda görünən riyazi nizamı bu fikrə sübut kimi göstərirlər. İnsan bu nizamı yaratmayıb, sadəcə kəşf edib.


Prof. Dr. Ellen Morris bu barədə belə deyir: "Pi insanlar onu hesablamazdan əvvəl də dairələrin ətrafında var idi. Qızıl nisbət dəniz qabıqlarında və günəbaxanlarda təsadüfi şəkildə yaranmayıb. Bütün bunlar riyaziyyatın təbiətdə əvvəldən mövcud olduğunu göstərir". 


İxtira tezisinin müdafiəçiləri: “Riyaziyyat bir vasitədir”

Digər tərəfdən, riyaziyyatı insan ixtirası sayanlar da var. Onlara görə, riyaziyyat kainatı anlamaq üçün yaratdığımız mücərrəd bir dil və qaydalar sistemidir. Şahmat oyununda olduğu kimi, qaydaları biz müəyyən etmişik və bu çərçivədə düşünürük.


Oksford Universitetindən filosof Dr. Liam Hart bu mövqeni belə ifadə edir: "Rəqəmlər, tənliklər və həndəsi formalar təbiətdə açıq şəkildə mövcud deyil. Bunlar reallığı anlamaq üçün bizim yaratdığımız anlayışlardır. Əgər başqa bir sivilizasiya inkişaf etsəydi, onların riyaziyyatı bizimkindən tamamilə fərqli ola bilərdi".


Kvant və Kosmos: Qeyri-müəyyənliyin ortasında riyaziyyat

Müasir fizikanın mürəkkəb strukturları da bu mübahisəni yenidən gündəmə gətirir. Kvant fizikası kimi sahələrdə riyazi modellər təbiətdəki imkanları ifadə edir, lakin bəzən reallıqla əlaqəsi kəsilmiş kimi görünə bilər.


İndi əksər alimlər bu iki baxış arasında sintez axtarırlar. Bəlkə də təbiətdə riyazi strukturlar mövcuddur, lakin onları mənalandırmaq və ifadə etmək üçün istifadə etdiyimiz dil insan tərəfindən yaradılıb.


Riyaziyyat kəşf edilmiş həqiqətləri insanların ixtiraları olan simvollarla ifadə edir. Bu mübahisə heç vaxt tam həll olunmaya bilər. Ancaq bir şey dəqiqdir: riyaziyyat həm təbiətin sirrlərini açmaq, həm də insan zəkasının dərinliyini əks etdirmək üçün ən güclü vasitələrdən biri olmaqda davam edir.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et