Bu gün:

İranın nüvə silahı varmı?


İran və İsrail arasında son aylarda artan gərginlik bölgədə hərbi və siyasi riskləri daha da artırıb. İran mediasında yayılan xəbərlərə görə, İsrail İranın iki nüvə obyektinə hava hücumu təşkil edib. Eyni zamanda İran ordusu İsrailin hava hücumundan müdafiə sistemi olan "Dəmir Qübbə"ni hipersəs raketi ilə keçdiyini açıqlayıb. Bütün bu hadisələr bir sualı aktuallaşdırır: İranın nüvə silahı varmı?

İran rəsmən nüvə silahına malik olduğunu təsdiqləmir. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) 2024-cü ildə yaydığı hesabatda İranın zənginləşdirmə səviyyəsi 60%-ə çatan və çəkisi 400 kiloqramı keçən uran ehtiyatı topladığını bildirilib. Bu göstərici nəzəri olaraq 9 ədəd nüvə bombası hazırlamaq üçün kifayət qədər təhlükəli sayılır. İsrailin Baş naziri Benyamin Netanyahu isə bu məsələni region üçün "varlıq təhlükəsi" adlandıraraq, İranın nüvə silahına sahib olmasının qarşısının yalnız hərbi tədbirlərlə alınacağını qeyd edib. İran tərəfi isə nüvə fəaliyyətlərinin sırf dinc məqsədlərə xidmət etdiyini vurğulayır.

İranın nüvə proqramı ilk dəfə 1950-ci illərdə ABŞ-ın dəstəyi ilə o dövrkü şah Məhəmmədrza Pəhləvinin hakimiyyəti dövründə başlayıb. 1979-cu ildə İslam İnqilabından sonra ABŞ bu əməkdaşlığı dayandırdı və İranı uran tədarükündən məhrum etdi. 1980-ci illərdən başlayaraq Qərb ölkələrinin kəşfiyyat orqanları İranın gizli şəkildə nüvə silahı üzərində işlədiyini iddia etməyə başladı. 1984-cü ildə "Jane’s Defence Weekly" İranın bomba istehsalının "son mərhələsində" olduğunu yazdı. O dövrdə ABŞ senatorları və İsrail rəsmiləri İranın 5-7 il ərzində nüvə silahı istehsal edə biləcəyini bildirirdilər.

İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması haqqında Müqaviləni (NPT) imzalayıb və bəyan edir ki, nüvə fəaliyyətləri barışçıldır. Lakin bu fəaliyyətlərin şəffaf şəkildə aparılmaması Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən sual altına alınıb və dəfələrlə araşdırmalar aparılıb. 2007-ci ildə ABŞ kəşfiyyatı İranın 2003-cü ildən nüvə silahı proqramını dayandırdığına dair hesabat yayımladı. İran Prezidenti Mahmud Əhmədinejad bu hesabatı “milli qələbə” adlandırdı. Amma bəzi beynəlxalq ekspertlər bu sənədin qərəzli mənbədən hazırlandığını iddia etdilər.

Bütün təkziblərə və çarpaz hesabatlara baxmayaraq, İsrail və bəzi Qərb ölkələri İranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu hesab edir. 2025-ci ildə Netanyahu administrasiyası və bəzi ABŞ media qurumları BAEA-nın son hesabatına istinadən İranın nüvə fəaliyyətlərinin "sülhməramlı olmadığını" bəyan etdilər.

1984 – “İran nüvə bomba istehsalının son mərhələsindədir", — Maariv (İsrail qəzeti).

1992 – “İran 3–5 il ərzində nüvə silahı əldə edə bilər”, — Benyamin Netanyahu.

2007 – “İranı dayandırmağın alternativi yalnız hərbi müdaxilədir”, — Norman Podhoretz.

2022 – “İran nüvə silahına sahib olma yolundadır", — Mark Levin.

2025 – “İranın nüvə fəaliyyəti dinc deyil – BAEA-nın hesabatı açıq xəbərdarlıqdır", — Jewish Press.

İranın nüvə silahına faktiki sahib olub-olmadığı hələlik sübut olunmayıb. Lakin illərdir davam edən texniki irəliləyişlər, beynəlxalq hesabatlar və bölgədə artan hərbi təhdidlər İranın nüvə silahı istehsalına çox yaxın ola biləcəyini göstərir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et