Fransada tapılan və üzərində relyefli işarələr olan 4000 illik daş lövhə Avropanın ilk 3D xəritəsi kimi qiymətləndirilir.

Tədqiqatçılar tərəfindən “Saint-Bélec Slab” adlandırılan qədim daş plitə Avropada indiyədək məlum olan ən qədim relyef xəritəsi hesab olunur. Təxminən 2150–1600-ci illərə aid olduğu müəyyən edilən lövhə 1900-cü ildə aşkarlansa da, onun əsl funksiyası son illərdə aparılan araşdırmalardan sonra üzə çıxıb.
Təxminən 2,2 x 1,5 metr ölçülü lövhənin səthində relyefli və geometrik naxışlarla bir ərazinin, ehtimal ki, Odet çayı vadisinin xəritəsi çəkilib. Alimlər bu işarələrin konkret coğrafi nöqtələri və sahə bölgülərini əks etdirdiyini bildirirlər.
Tədqiqatçılara görə, bu xəritə o dövrün hakim sinfi tərəfindən torpaq bölgüsünü müəyyən etmək və siyasi gücünü təsdiqləmək üçün hazırlanmış ola bilər. Maraqlıdır ki, lövhə sonradan sındırılaraq bir məzara yerləşdirilib, bu da onun simvolik və siyasi əhəmiyyət daşıdığını göstərir.
Saint-Bélec Slab bu günə qədər tapılmış ən qədim topoqrafik təsvirlərdən biri kimi qədim Avropada siyasi və coğrafi düşüncənin inkişaf səviyyəsini nümayiş etdirir.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
