Bu gün:

"Xaricdə təhsil o vaxt müsbət sayılar ki..." -Təhsil ekspertləri ilə müsahibə


Abituriyentlərin ixtisas və universitet seçimi etdiyi vaxtda attestatla xarici ölkələrdə təhsil yenidən aktuallaşıb.Təhsil ekspertləri bu təhsilin effektivliyi və diplomunun nə dərəcədə tanınması haqda fikirlərini 24media.az ilə bölüşüblər.

Təhsil eksperti Qoşqar Məhərrəmov attestatla xaricdə təhsil alanların diplomlarının tanınması barədə danışıb.

Attestasiya ilə xarici ölkələrdə təhsil çox da mümkün olmur, rəqabətin olduğu, tanınmış universitetlərdə təhsil üçün təkcə attestat kifayət deyil. Lakin rəqabətin az olduğu universitetlər tələbə cəlb etmək üçün onları qəbul edir. Amma bu o demək deyil ki, bu universitetlərin diplomu tanınmayacaq. Çünki əgər o universitetlər öz ölkələrinin akkreditasiyasından keçibsə, həmin universitetin diplomu tanıncaq. 

Təbii ki, mən tələbələrə inkişaf etmiş ölkələrin universitetlərini seçmələrini tövsiyə edərdim. Bunun üçün də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsildə keyfiyyətin təminatı agentliyinin akkreditasiya və nostrifikasiya şöbəsinin hazırladığı universitetlərin siyahısından öz seçimini etməlidirlər. Seçdikləri ölkə, universitet, ixtisas haqda ətraflı araşdırma aparmalıdırlar.

O, abituriyentlərə tövsiyələrini də verib.

Təhsilin effektivliyinə gəldikdə isə təhsil inkişaf etmiş ölkələrdə daha yaxşıdır. Ona görə də mən tələbələrə tövsiyə edərdim ki, təhsillərinin bir pilləsini xaricdə oxusunlar, xüsusilə tədrisin ingilis dilində olduğu ölkələrdə. Amma burda xüsusi bir məqam var ki, tələbə ölkənin, universitetin tələblərini qarşılaya bilsin. Tələbə təhsillə yanaşı dil öyrənəcək, yeni mədəniyyətlərlə tanış olacaq. Əgər yaxşı universitetdə təhsil alırsa, bazarın tələbinə uyğun bilik və bacarıqlar əldə edəcək.

Təhsil mütəxəssisi Elçin Süleymanov bu təhsilin effektivliyi mövzusuna toxunub.

Xaricdə təhsil, təbii ki, alqışlanmalıdır, amma bu o vaxt müsbət sayılar ki, bunun arxasında bilik olsun və qayıtdıqdan sonra bu dövlətə və tələbənin karyerasına yaxşı təsir göstərsin. Ona görə mən xaricdə təhsili 3 qrupa bölərdim. 

Birinci qrupa dövlət proqramı ilə təhsil alanlar daxildir. Onlar dövlət maliyyəsi ilə xaricdə təhsil alırlar. 

Digər bir qrup universitetlərin müxtəlif təqüdləri hesabına təhsil alanlardır. Bu cür təhsil alan tələbələrin seçim meyarları yüksək olduğu, müəyyən qəbul mərhələsindən keçdikləri üçün gələcəkdə yüksək səviyyəli mütəxəssislərin yetişməsinə dəstək verirlər. 

3-cü qrupa aid olan tələbələr isə topladığları bal Azərbayacanda tələb olunan keçid balından aşağı olduqda sırf hərbi xidmətdən yayınmaq və ya ali təhsil almaq üçün əsasən qonşu ölkələrə gedənlərdir. Mənim fikrimcə, bu da arzuolunan deyil. Çünki bu həm ölkədən resurs çıxışıdır, həm də DİM-in imtahanlarından minumum balı belə toplamamış şəxslərin xaricdə təhsil alaraq ölkəyə qayıtması real görünmür. Təbii ki, istisnalar ola bilər, amma ümumi olaraq xaricdə daha savadlı, hazırlıqlı gənclər müvəffəq olurlar. Əks hal nə qədər dəstəklənsə də, həm vaxt, həm də resusr itkisidir.

Lalə Hüseynova

Paylaş
Şərh əlavə et