Nazka Xətləri Peru sahil düzənliyində yerləşən, yerə cızılmış nəhəng rəsmlərdir.Onlar paytaxt Lima şəhərindən təxminən 400 km cənubda yerləşir.Bu geogliflər qədim Nazka mədəniyyəti tərəfindən 2,000 il əvvəl yaradılıb.

Rəsmlər o qədər böyükdür ki, onları tam görmək yalnız havadan mümkündür. Nazka Xətləri 1994-cü ildə UNESCO Dünya İrsi Siyahısına daxil edilib.Buna baxmayaraq, xətlərin əsl məqsədi hələ də tədqiqatçılar üçün sirr olaraq qalır.
Xətlər üç əsas növə bölünür: düz xətlər, həndəsi fiqurlar və təsviri şəkillər. 800-dən çox düz xətt var, bəziləri 48 km-ə qədər uzanır. 300-dən çox həndəsi fiqur (spiral, ox, trapetsiya və s.) mövcuddur.Təxminən 70 heyvan və bitki təsviri olan rəsmlər də yer alır. Məşhur fiqurlar arasında hörümçək, kolibri, meymun, lama və balina var. Bəzi formalar insanabənzər fiqurlar da daxil olmaqla qeyri-müəyyəndir.
2011-ci ildə baş kəsmə səhnəsini təsvir edən yeni geoglif aşkar edilib.2016 və 2018-ci illərdə də əlavə rəsmlər – o cümlədən mifoloji varlıqlar – aşkar olunub. Bu kəşflər dron texnologiyası sayəsində mümkün olub.
Xətlər səhrada yerləşdiyi üçün yağış və külək azlığı sayəsində qorunub. Nazkalılar bu fiqurları səthin üst qatını təmizləyərək, altdakı açıq rəngli torpağı üzə çıxarmaqla yaradıblar. Bəzi fiqurlar yalnız kontur şəklində, digərləri isə içəridən tam təmizlənmiş şəkildədir. 1930-cu illərdə pilotlar xətləri havadan görəndə onlar dünyada məşhurlaşdı. Amerikalı tarixçi Paul Kosok xətlərin astronomik məqsədlə yaradıldığını düşündü. Alman arxeoloq Maria Reiche bu nəzəriyyəni dəstəklədi və bəzi rəsmlərin ulduz qruplarını simvolizə etdiyini dedi. Lakin digər tədqiqatçılar bu fikirlərlə razılaşmadı və alternativ nəzəriyyələr irəli sürdülər.
Bəzi müasir araşdırmalar xətlərin su və məhsuldarlıqla bağlı dini rituallar üçün istifadə edildiyini göstərir. Heyvan fiqurlarının bir çoxu su və yağışla əlaqəli simvollar kimi qəbul edilir. Bəzi arxeoloqlar düşünür ki, zəvvarlar bu xətlər üzrə hərəkət edərək dini yürüşlər keçirirdilər. Bəzi yerlərdə zəvvarlar saxsı qabları qıraraq rituallar ediblər.
Lakin xətlər zaman-zaman zərər də görüb.
2009-cu ildə güclü yağış nəticəsində ilk dəfə rəsmlərə ziyan dəyib. 2014-cü ildə Greenpeace təşkilatının nümayişi zamanı Kolibri fiquruna zərər vurulub. 2018-ci ildə isə bir yük maşını sürücüsü qadağan olunmuş sahəyə daxil olaraq rəsmləri zədələyib.
Bu hadisələr Nazka Xətlərinin daha ciddi qorunmasını gündəmə gətirib.
Mənbə: History.com
Tərcümə etdi: Arzu Qafarova
