Bu gün:

"Aprel sevgisi" - Arthur Hughes


"İncəsənətin inciləri" rubrikası “Aprel sevgisi” əsərini təqdim edir. 

Artur Hughesin “April Love” (Aprel sevgisi) adlı əsəri Pre-Rafaelit sənətinin incə duyğularla dolu ruhunu və romantik poetikasını özündə cəmləşdirən nadir tablolardandır. İlk baxışdan sakit və gözəl görünən bu səhnə, əslində, duyğusal gərginlik və münasibətin həssas bir mərhələsini təqdim edir. Gənc qadın dönmüş şəkildə arxaya, qarşısında dayanan bir şəxsə, ehtimal ki, sevdiyi insana baxır. Onun simasında kədər, tərəddüd və susqunluq var. Qarşısındakı oğlan isə görünmür, yalnız varlığı hiss olunur. Rəssam bu vizual qərarla diqqəti qadının hisslərinə yönəldir və izləyicini onun iç dünyasına daxil olmağa dəvət edir.

Əsərdəki qızın geyindiyi dərin bənövşəyi paltar xüsusi diqqət çəkir. Sənət tarixində bu rəngdə libaslar nadir hallarda istifadə olunub. Hughes isə əsərlərində bu rəngi tez-tez işlədərək həm simvolik, həm də estetik bir dil qurur. Onun tablolarında tez-tez rast gəlinən mis rəngli saçlı gənc qız fiqurları təbiət fonunda təqdim olunur və "April Love" bu baxımdan tipik, lakin güclü bir nümunədir.

Bu rəsm real həyatda da romantik bir iz buraxıb. 19 may 1855-ci ildə rəssam Edvard Burne-Jons sevgilisi Georgiana MacDonald-a məhz bu əsərin qarşısında evlilik təklifi edib. Bu hadisə əsərin özünün də bir sevgi simvoluna çevrildiyini göstərir və onu sənət tarixində xüsusi mövqeyə daşıyır.

Hughes bu əsəri çəkdiyi zaman həyat yoldaşı Triphena Foord ilə yeni evlənib. O, sonralar bu qadını "ilk və yeganə sevgisi" adlandırıb. Bəlkə də bu səbəbdən, rəssamın sevgi mövzusuna yanaşması həmişə səmimi və dərin emosiyalarla zəngin olub. Onun həyatı qalmaqalsız, sakit və yaradıcı bir ömür olub və əsərləri də bu ruhu daşıyır.

“Aprel sevgisi” təkcə iki gəncin münasibətindən bəhs etmir, bu əsər insan münasibətlərində sükutun, tərəddüdün və duyğusal incəliyin necə vizual şəkildə ifadə oluna biləcəyini sübut edir.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et