Bu gün:

Şimali Koreyadan hərbi gəmi ilə bağlı iddia


Şimali Koreya yeni 5000 tonluq hərbi gəmisini uğurla dənizə buraxdığını bildirib. Bu ilk buraxılış zamanı – cəmi bir ay əvvəl – gəminin çevrilməsindən sonra ikinci cəhddir.Ölkənin lideri Kim Çen In may ayında baş verən uğursuz buraxılışdan sonra qəzəblənib, gəminin tez bir zamanda təmir olunmasını əmr edib. Hadisədən sonra üç gəmiqayırma işçisi və bir yüksək vəzifəli şəxs həbs olunub.

Dövlət mediası gəminin tam təmir edildiyini bildirir. Lakin bəzi mütəxəssislər bu qədər tezliklə bərpa olunmasının mümkün olub-olmadığını sual altına alırlar.

Gəminin yenidən dənizə buraxılması çərşənbə axşamı ölkənin şimalındakı Rajin limanında baş tutub. Kim Çen In və onun qızı Kim Cu Ae də tədbirdə iştirak ediblər. Dövlət mediası onların şəkillərini yayıb.

Bu gəmi Şimali Koreyanın son bir ildə inşa etdiyi və aprel ayından bəri istifadəyə verdiyi iki yeni 5000 tonluq hərbi gəmidən biridir. Hazırda bu gəmilər ölkənin donanmasında ən nəhəng gəmilərdir və nəzəri olaraq nüvə silahı daşımaq imkanına malikdir.

Kim Çen In nüvə silahlı donanma qurmağı prioritet elan edib və növbəti il daha iki belə gəmi hazırlanmasını planlaşdırır.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et