Bu gün:

“Övladlarım yaşama səbəbimdir”: Shakira ilə səhnəarxası


Mayamidəki Hard Rock Stadionunun dərinliyində, Shakiranın prodüser ofisinin qapısına bir kağız yapışdırılıb: “Zəhmət olmasa sonra gəlin… əgər həqiqətən alov içində deyilsinizsə”. 

Bu əl yazısı ilə yazılmış çəhrayı qeydin verdiyi mesaj stressin səviyyəsini göstərir – və bu, ilin ən böyük stadion turunu həyata keçirən komanda üçün tamamilə başadüşüləndir.

Şimali və Cənubi Amerikada 64 sold-out (tam dolu) konsertlə Shakira iki milyondan çox tamaşaçı qarşısında çıxış edib.

“Bu şou üzərində bir ildən çoxdur işləyirəm, hər detalı cilalayıram, bu nəticə mənim üçün böyük mükafatdır,” deyə o, BBC News-a bildirir.

Mayamidəki şoudan əvvəl səhnəarxası sakit və peşəkar atmosferdədir. Rəqqaslar dəhlizlərdə dartınır, tikişçilər geyimlərə kristallar tikir, gitar texnikləri alətləri təkrar-təkrar yoxlayırlar.

Əgər bir qədər gözləsəniz, maraqlı faktlarla da qarşılaşa bilərsiniz:

“Biz hər bir konsert məkanına iki paltaryuyan və iki quruducu maşınla gedirik,” – deyə geyim rəhbəri Hannah Kinkade izah edir. Onun qayğısına qalmalı olduğu cəmi 300 kostyum var.

Hər geyim yeni konsertdən əvvəl təmizlənməlidir, çünki “Shakira çox enerjili rəqs edir, rəqqaslar da elə.”

Səhnə meneceri Kevin Rowe bizi səhnəaltı qaranlıq dəhlizlərdə gəzdirir. Orada komanda üzvləri özləri üçün Gatorade və buzlu qəhvə ehtiyatı yığıblar.

“Ya çox isti olur, ya da çox yaş,” – deyə o, açıq hava şoularının çətinliklərindən danışır. “Amma bu da ‘yeraltı dünyada’ yaşamağın bədəli”. 

Saat 14:30-da musiqiçilər səs yoxlamasına başlayır. Az sonra Shakira polis müşayiəti ilə stadionda peyda olur.

Par-par yanan gümüş cins və ağ köynək geymiş ulduz, rəqs edə-edə məkanı qiymətləndirir.

“Burada Beyoncé konsertində olmuşdum, hər şey mükəmməl idi. Məni də elə səsləndirin,” deyə o, zarafatla deyir. Və ya bu, zarafatdırmı?

Bütün komanda qəbul edir: Shakira mükəmməllik dəlisidir.

Baş rəqqas Darina Littleton: “Səhnəyə çıxanda tam hazır olur, xarakterinə girir, tam performans verir.”

Musiqi direktoru Tim Mitchell isə bildirir: “Hər bir detal onun üçün vacibdir – səs, görüntü, işıq, qolbaqlar – hər şey. Necə bacarır, bilmirəm.”

Bütün bu zəhmətin nəticəsi 2.5 saatlıq möhtəşəm bir şoudur: iki dildə hitlər, 13 geyim dəyişikliyi və fasiləsiz enerji.

O, “Ojos Así” zamanı ərəb tərzində rəqs edir, “Whenever, Wherever” öncəsində bıçaqla ritual ifa edir, “Objection (Tango)” zamanı Flying-V gitarasını çalır, “She Wolf” ilə tamaşaçıları dəli edir.

Turnenin adı “Las Mujeres Ya No Lloran” – “Qadınlar artıq ağlamır”dır. Bu, onun şəxsi həyatındakı çətinliklərdən ilhamlanan son albomunun adıdır.

Onun Gerard Piqué ilə 11 illik münasibəti bitdi, atası beynindən təcili əməliyyat olundu, İspaniya isə onu vergi fırıldağına görə ittiham etdi (daha sonra məhkəmədənkənar razılaşma ilə məsələ həll olundu).

“Siz də bilirsiniz ki, son illər mənim üçün asan olmadı. Amma hər eniş son deyil, yeni və daha gözəl bir yolun başlanğıcıdır,” – deyə səhnədə söyləyir.

Bu emosional fırtına ona yeni musiqi enerjisi verdi.

2023-cü ildə argentinli prodüser Bizarrap ilə “Bzrp Music Sessions Vol. 53” ifasında Piqué və onun sevgilisinə qarşı açıq mesajlar vardı (“Rolex-i Casio-ya dəyişdin”) – və bu, Latin Grammy-də ilin mahnısı oldu.

“Te Felicito”, “TQG” (Karol G ilə) kimi hitlər də eyni ruhda davam etdi – təkcə “TQG” Spotify-da 1.3 milyard dinlənməni keçdi.

“Qadınlar üçün böyük ilham mənbəyidir,” – deyə bir fan bildirib, başında “She Wolf” qulaqları ilə.

Uşaqları ilə səhnədə

Konsertin duyğusal zirvəsi “Acróstico” mahnısıdır – o, bu mahnını uşaqlarına həsr edib.

Mahnı zamanı Sasha (12) və Milan (10) videoda anasına qoşulurlar.

“Hər dəfə onları videoda görüb səslərini eşidəndə ürəyim ərir,” – deyə Shakira deyir. “Onlar mənim hər şeyimdir. Məni yaşadan səbəbdirlər.”

İlk dəfədir ki, oğulları anasının konsertinə yetərincə böyüyüblər. Amma onların hissləri qarışıqdır.

“Onlar çox narahat olur – ‘Ana, necə keçdi? Yıxıldınmı? Yaxşısanmı?’ – deyirlər. Mən onlara öyrədirəm ki, mükəmməl şou olmur, səhv etmək olar.”

Avropaya gələcəkmi?

Bəs Avropadakı fanatlar üçün turne olacaqmı?

“İzləməyə davam edin. Gözləyin və görün,” – deyə o, gülümsəyir.

“Hələ tarix deyə bilmərik, amma elan etməyə yaxınıq. Bu şounu dünyanın hər yerindəki fanatlarımla paylaşmaq istəyirəm.”

Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et