Bu gün:

Andy Warhol həqiqətləri


Məşhur parik və eynəkləri ilə Warhol özünəməxsus, sirli bir şəxsiyyət yaradıb. İndi isə misli görünməmiş materiallara çıxışı olan yeni bir sərgi bu parıltılı pərdənin arxasındakı insanı ortaya çıxarır.

“Əgər Andy Warhol haqqında hər şeyi bilmək istəyirsinizsə, mənim rəsmlərimə, filmlərimə və özümə baxın, mən ordayam. Bunun arxasında heç nə yoxdur” – məşhur rəssam və rejissor, xüsusən Brillo qutusu heykəlləri və Hollivud ulduzlarının portretləri ilə tanınan Warhol bunu 1966-cı ildə jurnalist Gretchen Bergə deyib.

Lakin Birləşmiş Krallıqda, West Sussexdə keçirilən “Andy Warhol: Mənim Həqiqi Hekayəm” adlı yeni sərgi bununla razılaşmır. Petworth şəhərindəki Newlands House Gallery-də 11 otaq boyunca yayılan bu sərgi pop art hərəkatının əsas fiqurlarından biri olan Warholun gizli tərəflərini göstərir. Pop art 1960-cı illərdə zirvəyə çatan və kütləvi mədəniyyət, reklam və media obrazlarını sənətə çevirən bir hərəkatdır. Bu sərgi Warholun parlaq, zarafatbaz pop ulduzu imici ilə həqiqi, utancaq və həssas xarakteri arasında böyük fərqi ortaya çıxarır. Sərgidə ailəyə aid əşyalar, arxivlərdən tapılan və daha əvvəl heç vaxt sərgilənməyən şəxsi fotolar var. 

Bu sərginin kuratoru Warhol üzrə dünya mütəxəssisi olan Britaniyalı incəsənət tarixçisi və yazıçı professor Jean Wainwrightdır. O, həm də Warholun ailəsi ilə uzun müddət dostluq edib. 1987-ci ildə Warhol vəfat etdikdən sonra Wainwright doktorluq dissertasiyası üçün Warholun audio kasetləri üzərində işləyərkən onun doğulduğu Pittsburgh şəhərinə dəfələrlə səfər edib və 2000-dən çox kaseti dinləyib. Bu kasetlərdə Warholun iştirak etdiyi tədbirlərdən, söhbətlərindən və şəxsi düşüncələrindən ibarət qeydlər var. Andy Warhol Fondu bu kasetləri 2037-ci ilə qədər transkripsiya etmək qadağan olunan materiallar elan edib. Yəni bu qeydlərin məzmununu ən yaxşı bilən şəxs məhz Wainwrightdır.

“Andy Warhol” adını eşidəndə dərhal ağla müəyyən bir obraz gəlir: New Yorkun avanqard sənət səhnəsinin soyuqqanlı və cool bir üzvü, qara eynəklər, dəri pencək, tüklü “qorxu” pariki ilə fərqlənən və The Factory studiyasında ətrafına ulduzları toplayan bir ikon. “Biz onu partilərin mərkəzində təsəvvür edirik” – deyir Wainwright. Amma ailə və şəxsi qeydlərlə tanış olduqca bu imic dəyişir: “Onun çoxüzlü, çoxqatlı biri olduğunu anladım. Özümü detektiv kimi hiss edirdim, parçaları birləşdirirdim”.

Wainwrightın fikrincə, Warhol haqqında ən böyük yanlış təsəvvür “onun heç nəyə əhəmiyyət vermədiyi” fikridir. Sərgidə ilk dəfə nümayiş etdirilən 1971-ci ildə Gerard Malanga tərəfindən çəkilən bir foto da bu mifləri dağıdır. Foto Warholun 1968-ci ildə onu güllələyən Valerie Solanasın həbsdən buraxıldığını öyrəndiyi gün çəkilib. Üzündə kədərli və uzaqlara baxan ifadə var. 

Sərgidə Warholun daha həssas tərəfini göstərən bir çox detal var. 

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et