Bu gün:

Atatürkü belə heyrətləndirən sehirbaz: Zati Sungur


Səhnəyə çıxaraq sadəcə tamaşaçıları təəccübləndirməklə kifayətlənməyən, onları valeh edən bir sehrbaz düşünün. Elə səhnəciklər nümayiş etdirir ki, Mustafa Kamal Atatürk belə ayağa qalxaraq alqışlayır. İllüzion sənətini sadəcə hokkabazlıqdan ibarət olduğunu düşünən bir dövrdə onu səhnə sənətinə çevirən bu insan – Zati Sungur – illüzionistlər arasında xüsusi yerə malikdir. Bəs onu bu qədər seçilən edən nə idi?

Zati Sungur 1898-ci ildə Bursa şəhərində anadan olub. Kiçik yaşlarından etibarən sehr və tamaşa sənətinə maraq göstərməyə başlayan ibtidai məktəb illərində artıq dostlarına müxtəlif illüzion trükləri nümayiş etdirməklə onları təəccübləndirib. Lakin ailəsinin mühafizəkar dəyərləri səbəbindən bu maraq uzun müddət gizli saxlayıb. Orta təhsilini başa vurduqdan sonra 1914-cü ildə Dənizçilik Maşın Məktəbinə birinciliklə qəbul olub.

Bu uğurlu təhsil ona Almaniyada təcrübə keçmək imkanı qazandırsa da, Birinci Dünya Müharibəsinin başlaması səbəbilə Türkiyəyə qayıda bilməyib və Berlində qalmağa məcbur olub. Çətin şəraitdə yaşamasına baxmayaraq, sehrbazlığa olan həvəsini itirməyib. Köln şəhərində kran operatoru kimi işləyərkən gecələr müxtəlif nömrələr hazırlayaraq pansiyonlarda ifa edir, izlədiği hər peşəkar şoudan qeydlər aparır, texniki avadanlıqlar sifariş edərək özünü inkişaf etdirirdi.

Onun performansını izləyən məşhur alman illüzionisti Alois Kassner ona bu sənətlə peşəkar şəkildə məşğul olmağı tövsiyə edib. Zati Sungur Wintergarten Teatrında ardıcıl bir ay boyunca səhnəyə çıxıb, daha sonra Paris, Marsel, Roma, Barselona və digər şəhərlərdə Avropa turuna başlayıb.

Bu dövrdə özünün yaratdığı 100-dən artıq yeni nömrəni nümayiş etdirib. Xüsusilə 1924-cü ildə hazırladığı və zamanla təkmilləşdirdiyi “incə qız kəsmə” nömrəsi beynəlxalq aləmdə ona böyük nüfuz qazandırıb. Bu nömrə o qədər təsirli idi ki, bəzən tamaşaçılar arasında huşunu itirənlər belə olurdu.

Avropadakı uğurlarından sonra o Cənubi Amerikaya səfər edərək 14 il boyunca Braziliya və Argentina da daxil olmaqla müxtəlif ölkələrdə hər gecə çıxış edib. Bu zaman “Kont Sati von Richmond” səhnə adından istifadə edirdi. Onunla birlikdə köməkçiləri, kuklaları, onlarca avadanlıq və iki yük maşını dolusu səhnə qurğusu olurdu. Artıq o dünya miqyasında tanınan bir illüzionist idi.

Bir gün evinə qayıdarkən polis tərəfindən saxlıb və Atatürkün onu görmək istədiyi bildirilib. Heç bir hazırlıq olmadan teatr salonuna aparılıb, bağlı qapılar polis tərəfindən açıldıqdan sonra Tepebaşı Garden Lokalinə gətirilib. Orada digər sənətçilərin dəstəyi ilə tamaşanı yenidən quraraq “incə qız kəsmə” də daxil olmaqla bir neçə nömrə nümayiş etdirib.

Tamaşadan sonra Atatürk onu masasına dəvət edərək, “Təbrik edirəm, oğlum. Bu sənəti harada öyrəndin?” sualını verib. Bu gecə Zati Sungurun həyatının ən yaddaqalan anlarından birinə çevrilib.

Zati Sungur daha sonra “Universal Sehrbazlıq və İllüzion Sənətləri Studiyası”nı qurub, yüzlərlə nömrənin yer aldığı kataloqlar hazırlayaraq ölkənin müxtəlif bölgələrinə göndərin.  1981-ci ildə “Dünya Sihirbazlar Kralı” fəxri adına layiq görülüb.

Zati Sungur haqqında zamanla əfsanəyə çevrilən saysız-hesabsız hekayələr yaranıb– Atatürkün saatını geri alması, berberdə başını çıxarıb qoyması, yumurtadan qızıl çıxarması kimi rəvayətlər xalq arasında geniş yayılıb. O isə bu söyləntilərə sadəcə gülümsəyərək “Yalan desəm, adam deyir ‘gözümlə gördüm’. Nə deyim, bəzən olur belə şeylər” cavabını verərdi.

1984-cü ildə vəfat edən Zati Sungur arxasında zəngin bir mədəni irs və hörmətlə xatırlanan bir ad qoyub. Həqiqətən də, onun kimisi bir daha gəlmədi.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et