Bu gün:

OpenAI illik gəlirini 2 dəfə artırıb


Süni intellekt sahəsinin aparıcı şirkətlərindən biri olan OpenAI 2025-ci ildə əhəmiyyətli uğura imza atıb. Şirkət bir il ərzində gəlirini demək olar ki, iki dəfə artıraraq 10 milyard dollar illik gəlir səviyyəsinə çatıb. Bu nəticəyə əsasən ChatGPT və digər ödənişli məhsulların, o cümlədən API xidmətlərinin geniş miqyasda istifadə olunması səbəb olub. Gəlirin artmasında yalnız fərdi istifadəçilər deyil, korporativ müştərilər də mühüm rol oynayıb. Xüsusilə ChatGPT Enterprise kimi həllərə üstünlük verən şirkətlər abunə əsaslı gəlir modelini gücləndirib.


OpenAI 2025-ci ildə 10 milyard dollar gəlir əldə edib

OpenAI 2024-cü ildə 5,5 milyard dollar illik təkrarlanan gəlir göstərib. 2025-ci ildə bu göstərici iki dəfə artaraq 10 milyard dollara yüksəlib. Texnologiya sektorunda bu qədər sürətli artım nadir hallarda müşahidə olunur.


Əsas gəlir mənbələri aşağıdakılardır:


ChatGPT Plus və Enterprise abunəlikləri


API satışları (xüsusilə proqramçılar və texnologiya şirkətləri üçün)


OpenAI infrastrukturu üzərindən gəlir gətirən platformalar


Qeyd edək ki, Microsoft ilə imzalanan lisenziya razılaşmaları, sərmayə partnyorluqları və xüsusi müqavilələr bu rəqəmə daxil edilməyib. Yəni 10 milyard dollarlıq göstərici birbaşa istifadəçilərdən və abunəlik sistemindən əldə edilən gəliri əks etdirir.


İstifadəçi sayında partlayış: 500 milyon aktiv şəxs


OpenAI-in sürətli inkişafında istifadəçi sayının artması mühüm rol oynayıb. 2025-ci ilin mart ayına olan məlumata görə, ChatGPT həftəlik 500 milyon aktiv istifadəçiyə çatıb. Onların əksəriyyəti platformaya mobil tətbiq və ya masaüstü versiyalar vasitəsilə daxil olub.


Korporativ sahədə də artım nəzərəçarpacaqdır. ChatGPT Enterprise abunəliyinə sahib şirkətlərin sayı 3 milyonu keçib. Təhsil, səhiyyə, maliyyə, proqram təminatı və media sahələrindən olan müəssisələr süni intellekti iş proseslərinə inteqrasiya edərək məhsuldarlığı artırmağa çalışır.


Xərclər də artıb: 2024-cü ildə 5 milyard dollar zərər qeydə alınıb


Gəlirin artması ilə yanaşı, OpenAI-in maliyyə strukturunda digər önəmli detal da mövcuddur. 2024-cü ildə şirkət təxminən 5 milyard dollar zərər göstərib. Bu, əsasən infrastruktur yatırımları, texniki avadanlıqların alınması, elmi tədqiqat və süni intellekt modellərinin yenilənməsi ilə bağlıdır.


Yəni artım təkcə gəlir deyil, eyni zamanda yüksək xərcləri və riskləri də əhatə edib. Lakin bu strategiya uzunmüddətli dövrdə daha böyük bazar payına çatmaq potensialı daşıyır.


2029 hədəfi: illik gəliri 125 milyard dollara çatdırmaq


OpenAI qarşıdakı illər üçün olduqca iddialı planlar müəyyənləşdirib. Şirkətdaxili mənbələrə əsasən, 2029-cu ilə qədər illik gəlirin 125 milyard dollara çatdırılması hədəflənir. Bu məqsədə çatmaq üçün məhsul çeşidinin artırılması, daha çox sektora xidmət göstərilməsi və beynəlxalq əməkdaşlıqlar qurulması nəzərdə tutulub.


Xüsusilə səhiyyə, təhsil və proqram təminatı sahələrində fərdiləşdirilmiş süni intellekt həllərinə tələbatın artması OpenAI üçün yeni gəlir imkanları yarada bilər.


40 milyard dollarlıq iri sərmayə turu başa çatıb


2025-ci ilin martında baş tutan və ümumi həcmi 40 milyard dollar olan sərmayə turu, OpenAI-in bazar dəyərinə və potensialına investorların inamını nümayiş etdirib. Bu, texnologiya sektorunda qeyri-dövlət şirkətləri arasında indiyə qədərki ən böyük sərmayələrdən biri kimi qiymətləndirilib.


İnvestorlar bu maliyyə dəstəyi ilə şirkətin uzunmüddətli inkişaf planlarına və süni intellektin transformasiya gücünə olan inamlarını ortaya qoyub.


Süni intellekt artıq həyatın hər sahəsindədir


OpenAI-in əldə etdiyi bu uğur təkcə bir şirkətin nailiyyəti deyil, həm də süni intellektin gündəlik həyata nə qədər sürətlə daxil olduğunu göstərir. Təhsildən səhiyyəyə, müştəri xidmətlərindən proqramlaşdırmaya qədər bir çox sahədə süni intellekt həlləri geniş yayılmağa başlayıb.


Bu dəyişiklik OpenAI kimi aparıcı şirkətlərə daha çox dəyər yaratmaq imkanı təqdim edir. Eyni zamanda bu, rəqabətin də artacağı anlamına gəlir. Google DeepMind, Anthropic və Mistral kimi digər şirkətlərin də bu sahədə önəmli addımlar atacağı gözlənilir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et