Antik Misir sənətində minilliklər boyu divar rəsmləri, heykəllər və zinət əşyalarında istifadə olunan xüsusi bir rəng mövcud idi. Bu rəng müasir dövrdə “Misir mavisi” adı ilə tanınır. Mavi və yaşıl piqmentlərin qarışığından ibarət olan bu unikal rəng alimlər tərəfindən 5000 ildən sonra yenidən kəşf edilib. Tədqiqatçılar Misir mavisini təkrar istehsal etməyə nail olublar. Mütəxəssislərin sözlərinə görə, bu piqmentin hazırlanmasına dair 12 fərqli resept məlumdur.

E.ə. 3100-cü ilə qədər uzanan bir dövrdə Antik Misir sənətkarları bu süni piqment vasitəsilə taxta, daş və papirusu xatırladan “kartonaj” adlı material üzərində rəsmlər çəkir, həmçinin muncuqlar və muska kimi bəzək əşyalarının hazırlanmasında da bu piqmentdən istifadə ediblər. Mavinin boz və ya yaşıl çalarlarına qədər müxtəlif tonlara malik olan bu maddə dünyanın bilinən ən qədim sintetik boyası hesab olunur.
Vaşinqton Ştat Universiteti Smitsonian İnstitutu və Karnegi Təbiət Tarixi Muzeyinin əməkdaşları bu qədim piqmenti beş min ildən sonra yenidən istehsal ediblər.
Tədqiqatçılar piqmentin tərkibini öyrənmək üçün onu müasir mikroskopiya və bu sahədə əvvəllər tətbiq olunmayan analiz metodları ilə araşdırıblar. Təxminən 1000 °C temperaturda qədim dövrlərdə istifadə olunan şərait təqlid edilərək sobada on iki müxtəlif qarışıq sınanıb. Bu qarışıqların tərkibinə kristallaşan silisium dioksid (kvars), müxtəlif mis mənbələri (məsələn, mis oksidi), təbii mis karbonat mineralları olan azurit və ya malaxit, kalsium birləşmələri və bəzi reseptlərdə natrium karbonat daxil edilib.
Misir mavisinin digər mühüm xüsusiyyətlərindən biri də infraqırmızı şüalanmanı ikiqat səviyyədə əks etdirmək qabiliyyətidir. Alimlər bu xüsusiyyətin gələcəkdə enerji səmərəliliyi texnologiyalarında tətbiq oluna biləcəyini vurğulayırlar.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
