Apple iOS 26 ilə iPhone istifadəçilərinə daha rahat təcrübə təqdim edib. Artıq telefonun tam nə vaxt dolacağını birbaşa kilid ekranından görmək mümkün olacaq.
Əvvəllər bu yalnız əlavə proqramlarla mümkündürsə, indi sistemə birbaşa inteqrasiya edilib. Şirkət bu funksiyanı əlavə edərək şarj nəzarətini də təkmilləşdirib.
Doldurma vaxtı kilid ekranında görünür
iOS 26 yeniləməsi ilə iPhone istifadəçiləri cihazlarını enerji mənbəyinə qoşduqda, kilid ekranında tam doldurma müddətini görə bilirlər. Funksiya həm simli, həm də simsiz doldurma üsullarında işləyir.
Məsələn, gecə telefonu şarj etdikdə, kilid ekranına baxaraq səhərə qədər tam dolub-dolmayacağını görmək mümkündür. Bu, istifadəçiyə həm vaxtına qənaət etməyə, həm də şarj prosesini daha asan izləməyə imkan verir. Ən böyük üstünlüklərdən biri isə odur ki, artıq bu məlumat üçün menyular arasında keçid etməyə ehtiyac yoxdur, göstərici birbaşa ekran üzərində görünür.
Yavaş doldurma barədə xəbərdarlıq sistemi əlavə edilib
Yeniləmədə diqqət çəkən başqa bir yenilik yavaş doldurma xəbərdarlığıdır. Əgər iPhone köhnə tipli və aşağı güclü adapterlərlə, məsələn, 5W və ya klassik Qi əsaslı cihazlarla doldurularsa, sistem istifadəçiyə xəbərdarlıq göndərir.
Bu xəbərdarlıqlar sayəsində istifadəçi şarj cihazının kifayət qədər güclü olub-olmadığını asanlıqla müəyyən edə bilir. Xüsusilə, tələsik vəziyyətlərdə cihazı tez doldurmaq istəyənlər üçün bu funksiya əhəmiyyətlidir.
Batareya menyusuna əlavə məlumatlar daxil edilib
iOS 26 ilə Parametrlər > Batareya bölməsində yeni məlumatlar təqdim olunub. İstifadəçilər artıq burada cihazın tam doldurulması üçün tələb olunan vaxtla yanaşı, hazırkı şarj səviyyəsini də dəqiq şəkildə görə bilirlər.
Bu funksiya əvvəlki versiyalarda ya təqdim olunmayıb, ya da kifayət qədər aydın olmayıb. İndi isə həm kilid ekranında, həm də parametrlər bölməsində bu məlumatlara rahat şəkildə çıxış mümkündür.
Adaptiv güc funksiyası enerji sərfiyyatına nəzarət edir
Yeniləməyə daxil edilən “Adaptiv güc” funksiyası batareya idarəçiliyinə də yeni yanaşma gətirib. Bu sistem enerji istifadəsini təhlil edir və lazımsız istifadəni məhdudlaşdırır. Beləliklə, cihazın batareya ömrü artır.
Məsələn, əgər iPhone yüksək enerji tələb edən əməliyyatlar yerinə yetirirsə, lakin batareya zəifdirsə, bu funksiya bəzi fon proseslərini məhdudlaşdırır. İstifadəçi bu funksiyanı Parametrlər - Batareya - Enerji rejimi bölməsindən aktivləşdirə bilər.
iOS 26 ilə iPhone təcrübəsi dəyişib
iOS 26 yeniləməsi Apple-ın istifadəçi yönümlü proqram təminatı strategiyasını bir daha nümayiş etdirib. Kilid ekranındakı doldurma vaxtı göstəricisi, yavaş doldurma xəbərdarlığı, batareya barədə ətraflı məlumat və adaptiv enerji funksiyası gündəlik istifadə təcrübəsini asanlaşdırır.
Yeni sistemlə iPhone cihazları yalnız daha ağıllı deyil, həm də daha funksional və səmərəli olub. Doldurma prosesi artıq təxminlərə əsaslanmır, real və aydın məlumatlarla müşayiət olunur.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
