Bu gün:

“Orada hər bir qoca üçün yeni bir həyat başlamalıdır”


24media.az-ın  "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı sosioloq Əhməd Qəşəmoğludur. O, qocalar evi ilə bağlı sualımızı cavablandırıb. 

-Ailəsi tərəfindən tərk edilmiş, ailəsi olmayan qocaların yerləşdirilməsi üçün qocalar evlərinin hazırkı durumu necədir?

- Mən bəzi qocalar evlərində olmuşam. Müşahidə etmişəm ki, qocalar arzuolunan səviyyədə yaşamırlar. Qoca deyəndə bəzilərinə elə gəlir ki, sanki bu insanlar həyatda hər işini görüb qutarıb, onu qocalar evinə aparıb can qurtarmaq lazımdır. Amma elə deyil. Orada hər bir qoca üçün yeni bir həyat başlamalıdır. Oradakı qocaların bir çoxunun elə potensialları olur ki, onları həm özləri üçün, həm də cəmiyyət üçün istifadə edə bilər. Ona görə indiki vaxtda yaxşı qocalar evi yoxdur. O zaman olar ki, orada onların qayğısına qalınsın, həm fiziki cəhətdən, həm mənəvi cəhətdən onlara yardım edilsin. Həm də qocalar evində elə bir məşğuliyyətlər olmalıdır ki, onlar elə hiss etməsinlər ki, bu dünya artıq onlar üçün bitib. Məsələn, onların bəziləri öz peşələrini orta məktəblərdə şagirdlərə öyrədə bilərlər. Yaxud kimsəsiz uşaqların qaldığı internatla əlaqə saxlayıb qocaları tez-tez ora aparmaq olar. Bəzi insanların 70-80 yaşdan sonra da müəyyən bir sahəyə bacarığı olur və hələ də o peşəsini davam etdirmək həvəsi olur. Yəni onlar üçün belə şəraitlər qurulmalıdır. Ona görə də, ölkədə belə qocalar evinin olması üçün həm təşkilati işlərə, həm də iqtisadi təminata və sosial problemlərlə bağlı çıxış yoluna ehtiyac var. Belə deyim ki, Skandinaviya ölkələrində, Avropanın bir çox ölkələrində nümunələr var. Bir ara biz Hollandiyada bir qocalar evi ilə əlaqələr yaratmışdıq. Mənim yetirmələrimdən biri olan Gülşən Lətifxanla belə bir lahiyə tərtib etdik ki, Hollandiyanın əli ilə burada bir qocalar evi yaradaq. Hollandiyadan xeyli vəsait ayırılacaqdı. Amma Gülşən xanımın vəfatından sonra bütün bu işlər yarımçıq qaldı.

Bir sözlə, biz çalışmalıyıq ki, tərk edilmiş qocaların həyatları onlar üçün zülm, əzab-əziyyət olmasın. Bu sahəyə yetəri qədər vəsait ayırmaq olar. Hansı ki, hər bir insan müəyyən vergi ödəyir. Həmin o vergilərdən bu sahəyə yönəltmək olar. Yaxud bəzi insanlar pensiya yaşına çatmamış dünyalarını dəyişirlər. Onlara verilən pensiyaların bir hissəni bu sahəyə yönəltmək olar. Eyni zamanda, qocalar evlərinin yüksək səviyyədə təşkil olunması da xalqın, ölkənin mühüm göstəricilərindən biridir. Bu sahədəki boşluğun tez bir zamanda aradan qalxmasını səbirsizliklə gözləyirəm.

Əli Mehdili

Paylaş
Şərh əlavə et