Bu gün:

"Gizli görüş yeri" - Eleanor Fortescue-Brickdale


"İncəsənətin inciləri" rubrikası “Gizli görüş yeri” əsərini təqdim edir. 

Eleanor Fortescue-Brickdale tərəfindən yaradılan “The Trysting Place” (“Gizli görüş yeri”) əsəri duyğularla dolu romantik bir qarşılaşmanı təsvir edir. Bu rəsmdə iki insan arasında yaşanan sevgi, həsrət və gizlilik bir anın içində əbədiləşdirilib. Fortescue-Brickdale öz dövründə Pre-Rafaelçi ənənəni davam etdirən, lakin ona zərif bir poetik hava qatan nadir qadın sənətçilərdən biri olub. Bu əsərində də onun rənglərə və simvollara olan xüsusi yanaşması dərhal hiss olunur.

Rəsmdə sevgililər səmimi və gizli bir görüş üçün bir araya gəliblər. Onların bir-birinə sarılması ehtirasla deyil, daha çox dərin bir duyğusal bağlılıqla doludur. Bu, uzun bir ayrılıqdan sonra olan görüş və ya bəlkə də cəmiyyətin gözlərindən uzaq bir əlaqənin verdiyi ağrılı sevincdir. Fon olaraq qaranlıq ağaclar və məzar daşı forması verilmiş abidə görünür. Bu detal təkcə vizual tamamlayıcı deyil, eyni zamanda, görüşün harada baş verdiyini, yəni bəlkə də qadağan olunmuş, yasla dolu bir yerdə olduğunu göstərir. Bura məzar daşı ilə işarələnmiş bir qəbiristanlıq ola bilər. Bu isə görüşün həm metaforik, həm də emosional mənasını daha da dərinləşdirir.

Kompazisiyanın tərtibatında qadının nazik, axıcı libası və kişinin qaranlıq tonlu, qalın geyimi arasındakı ziddiyyət diqqət çəkir. Qadının üzü işığa doğru açıqdır, sanki ümid və inam onun içindədir. Kişinin sifəti isə bir qədər kölgədə qalır. Bu fərq onların münasibətindəki emosional rolları əks etdirə bilər. Rəssam bu cütlüyü sadəcə sevgi ilə deyil, həm də zaman və məkanın yaratdığı çətinliklərlə bürüyür. Onların bir-birinə sarılması yalnız fiziki yaxınlıq deyil, sanki dünya qarşısında gizlənmək cəhdidir.

Əsərin rəng palitrası əsasən torpaq tonlarına yaxın, isti və eyni zamanda, solğun rənglərlə qurulub. Bu isə hadisənin həm real, həm də bir qədər yuxu kimi hiss olunmasına səbəb olur. Fortescue-Brickdale burada realizmlə simvolizmi ustalıqla birləşdirir.

Bu əsər romantik rəsmlər arasında xüsusi yer tutur, çünki o sadəcə bir sevgi etirafını deyil, həm də bu sevginin daşıdığı ağırlığı və təhlükəni göstərir. Eleanor Fortescue-Brickdale bu əsərdə sevginin yalnız şənlik və xoşbəxtlik olmadığını, bəzən də qaranlıq kölgələr və susqun iztirablar içində yaşandığını ustalıqla çatdırır. Bu baxımdan “Gizli görüş yeri” yalnız gözəl bir romantik səhnə deyil, həm də insan münasibətlərinin mürəkkəbliyinə və dərinliyinə incə bir sənətkar baxışıdır.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et