Bu gün:

Kosmosdan gələn naməlum siqnal alimləri təəccübləndirib


Kosmosun dərinliklərindən gələn müntəzəm siqnal alimlərin diqqətini cəlb edib və bu hadisə bir sıra suallar doğurub. “ASKAP J1832-0911” adı verilən bu naməlum kosmik obyekt hər 44 dəqiqədən bir, təqribən iki dəqiqə davam edən siqnallar yayır. İlk dəfə 2022-ci ildə aşkarlanan bu obyekt uzunmüddətli keçici hadisə (LPT) kateqoriyasına daxildir və indiyədək müşahidə olunmayan xüsusiyyətlərə malikdir. Mütəxəssislər hesab edirlər ki, bu kəşf fizika elminə tamamilə yeni bir yanaşmanın qapılarını aça bilər.Yer kürəsindən təxminən 15 min işıq ili uzaqlıqda yerləşən bu sirli obyekt ilk dəfə Avstraliyada yerləşən radioteleskop vasitəsilə qeydə alınıb. Eyni zamanda NASA-nın “Chandra” rentgen müşahidə peyki təsadüfən həmin ərazini tədqiq edirdi və nəticədə eyni mənbədən həm radio, həm də rentgen (X-şüaları) siqnallarının yayıldığı müəyyən edildi.

"ASKAP J1832-0911" elmi ədəbiyyatda bu adla qeyd olunub və müşahidə olunan digər kosmik obyektlərdən fərqli struktur xüsusiyyətləri ilə seçilir. 2022-ci ildən bəri LPT kimi tanınan bir neçə obyekt aşkar edilsə də, bu cür obyektlər yalnız radio dalğaları yayırdı. Lakin "ASKAP J1832-0911" həm də rentgen şüaları yayaraq öz unikallığını nümayiş etdirib. Əlavə olaraq, tədqiqatçılar zaman keçdikcə siqnalların intensivliyində azalma müşahidə etdiklərini bildirirlər. Bu isə Samanyolu qalaktikasında indiyədək rast gəlinməyən bir fenomen kimi qiymətləndirilir.

Tədqiqatı aparan alimlər ehtimal edirlər ki, bu obyekt güclü maqnit sahəsinə malik ölü ulduz – maqnetar ola bilər. Alternativ ehtimala görə, obyekt yüksək maqnetizmə sahib olan ağ cırtdan ulduzla birlikdə dövr edən ikili ulduz sisteminin bir hissəsi ola bilər.

Bəzi alimlər isə hesab edirlər ki, bu siqnallar tamamilə yeni fiziki qanunların mövcudluğunu göstərə bilər. Hazırda bu obyektin təbiəti ilə bağlı dəqiq bir cavab olmasa da, elmi araşdırmalar davam etdirilir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et