Bu gün:

"Materialist" filmi


Dakota Johnson, Chris Evans və Pedro Pascal Celine Songun, əvvəlcə, Oscara namizəd göstərilmiş “Past Lives” filminin rejissoru kimi parlayan rejissorun yeni filmində parlaq bir sevgi üçbucağı yaradır.

Əgər Celine Song-un “Materialists” filmi üçün yayımlanan treylerlərə baxmısınızsa, onları unudun. O təqdimatlarda və kağız üzərində film yaxşı seçilb, amma standart bir romantik komediya kimi görünür. Dakota Johnson peşəkar qismində bir tanışlıq təşkilatçısını canlandırır, keçmiş sevgilisi (Chris Evans) və cazibədar yeni bir ehtimal (Pedro Pascal) arasında qalır. Əslində isə film romantik komediya deyil, ondan daha orijinal və cəzb edici bir əsərdir: sevgi və pul arasındakı qaçılmaz əlaqəni kəskin dürüstlüklə araşdıran bir dram. Song burada romantik komediyanı yenidən icad etmir. O, sadəcə onu ağıllıca kənara qoyur.

“Materialists” göründüyündən daha çox Song-un ilk filmi “Past Lives”-ə yaxındır. Orada da uşaqlıq sevgilisi Koreyadan Nyu-Yorkda artıq xoşbəxt evli bir qadının həyatına yenidən daxil olub. “Materialists” də eyni zərifliklə çəkilib, obraz yönümlü və dialoq əsaslıdır, bəzən parlayan sözləri ilə fərqlənir. Bu tip idiosinkratik filmləri rejissorlar adətən ilk böyük uğurlarından sonra çəkmək imkanı əldə edirlər “Past Lives” həm Ən Yaxşı Film, həm də Ən Yaxşı Orijinal Ssenari nominasiyasında Oscar-a namizəd olub və Song bu fürsətdən tam yararlanır.

Lucynin varlı müştərilər üçün tanışlıq təşkilatçısı kimi işi bəlkə də süni bir ideya kimi görünə bilər, amma Song özü bu işi görüb, ta ki dramaturq və rejissor kimi tanınana qədər. Lucy bu işdə həqiqətən də yaxşıdır və bunu bir gəlinin toy günü tərəddüdlərini aradan qaldıraraq göstərir. Buradan süjet klassik romantik komediya xətti ilə davam edir, Lucy üçün seçim anını yaradır. Həmin toyda Lucy bəyin varlı və yaraşıqlı qardaşı Henry (Pascal) ilə tanış olur və içkisini ona gətirən ofisiant isə beş il birlikdə olduğu, amma pul mövzularına görə ayrıldığı keçmiş sevgilisi John-dur (Evans). Beşinci ildönümlərində yeməyi küçədəki yemək arabasından almaq Lucy üçün yetərli olmayıb. Song yenə də məkanları gözəl təsvir edir, ayrılıq da sıxlıqla dolu Nyu-York küçəsində baş verir. Lucy-nin yeni həyatında əsas tələb varlı bir ərdir. "Evlilik bir iş müqaviləsidir və həmişə belə olub"- deyir o. Bu, sərt və sinik səslənə bilər, amma Johnson-un incə ifası Lucy-ni öz istədiyi həyatla bağlı dürüst və açıq biri kimi göstərir, bu da filmin uzunmüddətli münasibətlərdə pulun əhəmiyyətinə dair açıq baxışını əks etdirir.

Pascal Henry obrazını tamamilə cazibədar təsvir edir və o cazibənin arxasında həssaslıq qatları hiss olunur. Onun Johnson-la kimyası azdır və bunun qəsdən olub-olmaması aydın deyil, amma filmin özü bu məsələni düzgün yönləndirir, çünki onların əlaqəsi sevgi yox, həyat tərzi və pul ortaq maraqlarına əsaslanır. Henry deyir: "Bir dəfə 400 dollarlıq saç kəsimi etdirmisənsə, bir daha Supercuts-a gedə bilməzsən". Bu da göstərir ki, Lucy üçün John-a qayıtmaq qeyri-mümkündür. Amma Song Lucy üçün qərarı asan və açıq qoymur. Henry yalnız varlı olduğu üçün ideal deyil. O, Lucy-ni həqiqətən dinləyir və onların arasında real bir sevgi də yarana bilər. Bəlkə də Lucy həm sevgiyə, həm pula sahib ola bilər. Johnson-un Evans-la kimyası isə barizdir. John Lucy-yə ilk baxışda hələ də onu unuda bilmədiyini göstərir. Onların birgə bəzi incə və kövrək anları var, amma sonra özlərini həmin duyğulardan ayırmağa çalışırlar, ya da bəlkə də yox. Keçmişi niyə təkrarlamaq lazımdır, əgər o, artıq uğursuz olubsa?

Song filmin komediyasını Lucy-nin müştərilərindən və onların qeyri-mümkün tələblərindən alır: kişilərin boyu və saç miqdarı, qadınların yaşı və bədən quruluşu. Johnson Lucy-nin "Sizə söz verirəm, həyatınızın sevgisi ilə evlənəcəksiniz”- dediyinə inandırıcı şəkildə inandırır. Amma bir səhnədə nəhayət bir müştəriyə əsəbiləşib istehza ilə deyir ki, "Əlbəttə ki, sizin üçün mükəmməl partnyoru taparam, çünki mən Dr. Frankensteinam”. Film romantik komediyanın standartlarından tamamilə uzaqlaşır, başqa bir səhnədə Lucynin başqa bir müştərisi ilə görüşü zorakılığa çevrilir. Bu, klassik romantik komediyada görəcəyiniz bir dönmə nöqtəsi deyil və filmin reallıqla bağlılığını göstərir.

Filmin sonunda Lucy daha bir toyda That's All mahnısının müşayiəti ilə bir namizədi ilə rəqs edir. Bu mahnı "Sənə yalnız əbədi sevgi verə bilərəm” sözləri ilə, materialist dünyanın içində sevginin nə dərəcədə real və ya yalnız fantaziya olduğunu sorğulayan film üçün ideal seçimdir.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et