Bu gün:

Qalatasaray və Fənərbaxçanın ortaq transfer hədəfi


Qalatasaray və Fənərbaxçanın transfer hədəfləri arasında yer aldığı iddia edilən Randal Kolo Muaninin gələcəyi ilə bağlı açıqlama verilib. Paris Sen-Jermen klubundan Juventus komandasına satınalma opsiyası olmadan icarəyə verilən Randal Kolo Muani İtaliyada qalmaq istəyini açıq şəkildə dilə gətirib.

Fransalı ulduz futbolçu Randal Kolo Muani qış fasiləsində Paris Sen-Jermendən Juventus klubuna icarəyə keçdikdən sonra göstərdiyi performansla diqqətləri üzərinə çəkməyə davam edir. Futbolçunun Paris Sen-Jermen ilə 2028-ci ilə qədər müqaviləsi olsa da, Juventus klubuna olan bağlılığını açıq şəkildə vurğulamaqdan çəkinmir.

“Burada özümü çox xoşbəxt hiss edirəm, məni çox yaxşı qarşıladılar və bu komandada oynamaqdan zövq alıram. Klublararası Dünya Kubokunda da Juventus ilə iştirak edəcəyəm", – deyə Kolo Muani açıqlamasında bildirib və gələcək planlarının İtaliyada qalmaq yönündə olduğunu bəyan edib.

Kolo Muaninin çıxışı Türkiyədə də yaxından izlənilir. Əldə olunan məlumata görə, həm Fənərbaxça, həm də Qalatasaray fransalı hücumçunu heyətinə qatmaq istəyən klublar arasındadır. Xüsusilə Fənərbaxçanın yeni mərkəz hücumçusu axtarışı çərçivəsində Kolo Muaninin vəziyyətini diqqətlə izlədiyi bildirilir.

Hazırda Juventus klubu Paris Sen-Jermen ilə futbolçunun birdəfəlik transferi mövzusunda rəsmi danışıqlara başlamayıb. Lakin Klublararası Dünya Kuboku sonrası bu transfer prosesinin sürətlənəcəyi gözlənilir. PSG-nin oyunçunu daimi şəkildə heyətindən buraxmağa isti yanaşa biləcəyi, lakin yüksək transfer qiymətinin danışıqlarda həlledici rol oynayacağı qeyd edilir.

Juventus forması ilə 16 liqa oyununda 8 qol və 1 assistlə məhsuldar çıxış edən Kolo Muani azarkeşlərin də rəğbətini qazanıb. İkinci yarıdakı yüksəlişi onun UEFA Millətlər Liqasının Final Dördlüyünə seçilməsini təmin edib. Almaniyaya qarşı keçirilən üçüncülük matçında da start heyətində yer alan futbolçu milli forma ilə də diqqətləri üzərinə cəmləyib.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et