Bu gün:

Honq-Konq hansı ölkəyə məxsusdur?


Honq-Konq yalnız göydələnləri ilə deyil, mürəkkəb siyasi sistemi ilə də seçilir. Xəritədə kiçik görünsə də, dünya iqtisadiyyatı və siyasətində böyük rol oynayır.

Honq-Konq rəsmi olaraq haradadır?

Honq-Konq Çin Xalq Respublikasına məxsus xüsusi inzibati bölgədir, lakin adi bir şəhər deyil. Öz qanunları, valyutası, təhsil və hüquq sistemi ilə Çindən xeyli fərqlənir.


Qısa tarixçəsi

1842-ci ildə Birinci Tiryək Müharibəsindən sonra imzalanan Nankinq müqaviləsi ilə Honq-Konq İngiltərəyə verilib.


Uzun illər Britaniya koloniyası olaraq inkişaf edib və ticarət azadlığı ilə seçilib.


1997-ci ildə isə Honq-Konq rəsmi olaraq Çinə təhvil verilib. Lakin bu keçid klassik bir “birləşmə” olmayıb. Xüsusi razılaşma əsasında həyata keçirilib.


“Bir ölkə, iki sistem” nə deməkdir?

1997-ci ildə Çin və İngiltərə arasında razılaşdırılan bu prinsipə əsasən:


Honq-Konq Çinə məxsusdur, amma öz sisteminə malikdir;


İnternet senzurası və birpartiyalı idarəetmə kimi Çin qaydaları Honq-Konqda tətbiq olunmur;


Bu muxtariyyət 50 il müddətinə, yəni 2047-ci ilə qədər təmin edilib.


Honq-Konqun bugünkü vəziyyəti

2019-cu ildə baş verən genişmiqyaslı etirazlar və 2020-ci ildə qəbul olunan Milli Təhlükəsizlik Qanunu ilə Honq-Konqda azadlıqların məhdudlaşdırıldığı müşahidə olunub. Bundan sonra Çin administrasiyasının nəzarəti artıb və “iki sistem” anlayışının zəiflədiyi barədə fikirlər güclənib.


Hazırda Honq-Konq rəsmi olaraq xüsusi statusunu saxlayır, lakin Çinlə arasındakı fərqlər getdikcə azalır. Bu proses həm yerli əhali, həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.


Honq-Konq coğrafi olaraq haradadır?

Asiyanın cənub-şərqində, Çinin cənub sahilində yerləşir və cənubi Çin dənizi ilə əhatəlidir.


Materik Çinlə birbaşa yol əlaqəsi Shenzhen şəhəri vasitəsilə təmin olunur. Şəhər həm liman, həm də göydələnləri ilə məşhurdur.


Honq-Konqun əsas xüsusiyyətləri nələrdir?

Rəsmi valyutası Honq-Konq dollarıdır (HKD), Çin yuanı burada keçərli deyil.


Vətəndaşları Çin pasportundan fərqli olaraq Honq-Konq pasportu daşıyırlar.


Hüquq sistemi Britaniya modelinə əsaslanır, təhsil sistemi də Qərb yönümlüdür.


Çin (Kanton) və ingilis dili rəsmi dillərdir.


Honq-Konq müstəqil ölkədir?

Xeyr, Honq-Konq müstəqil ölkə deyil. O, Çin Xalq Respublikasının xüsusi inzibati bölgəsi statusuna malikdir. Daxili idarəetmədə müəyyən muxtariyyətə malik olsa da, xarici siyasət, hərbi və diplomatik məsələlər Pekin hökuməti tərəfindən idarə olunur.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et