Banksinin Marseldəki yeni divar rəsmi onun ideya tarixçəsi ilə əlaqələndirdiyi ilk şəkil deyil. Platondan Fukoya qədər bir Banksi eksperti bu məşhur əsərlərin arxasında dayanan fəlsəfəni ortaya qoyur.
Əsl "sən" hansıdır-indi olduğun şəxs, yoxsa ola biləcəyin? Bu, həqiqətən də, dərin bir sualdır və Marselin sakit Rue Felix Fregier küçəsində gəzərkən bu sualla qarşılaşacağınızı gözləməzsiniz. Lakin məhz bu, Banksinin burada gizlicə yerləşdirdiyi, on illərdir davam edən provokativ və fəlsəfi sənət yolculuğunun növbəti hissəsidir.
30 ildən çoxdur ki, Banksi ən ikonik əsərlərinə klassik sənət ustalarına edilən göndərmələrlə yanaşı, dərin fəlsəfi düşüncələr də əlavə edir. Onun stencil-lərinin arxasında qədim Stoiklərdən tutmuş postmodern dekonstruktivizmə qədər uzanan fəlsəfi istiqamətləri izləmək mümkündür.
29 mayda Banksi Instagram-da beş aydan sonra ilk yeni işinin fotosunu paylaşıb, lakin yerini gizli saxlayıb. Qısa müddət sonra Fransanın cənubundakı Marsel liman şəhərində tapılan mural ilk baxışdan sadə görünür: boş, bej divara çəkilən hündür mayak silueti, yaxınlıqda paslanan bir metal dirək və asfalt boyunca uzanan, bu real obyektlə muralı birləşdirən kölgə. Qara mayak üzərində stencil ilə yazılan sözlər: "Mən səndə gördüyün şey olmaq istəyirəm". Bu ideyanın qaynağını tapmaq üçün istənilən fəlsəfə tarixçəsini açmaq kifayətdir, məsələn, Platonun "Dövlət" dialoqunda yer alan məşhur mağara alegoriyası. Platona görə mağarada zəncirlənən insanlar əsl reallığı deyil, onun divardakı kölgələrini görürlər. Lakin Banksi bu qədim metaforanı alt-üst edir. Onun əsərində, kölgə, adətən, reallığın zəif əksidir və daha ali, daha işıqlı bir şeyə, yəni mayaka çevrilir. Burada reallıq deyil, kölgə doğrudur.
Banksinin ən məşhur 5 əsəri
1. "Qız və Şar"
Bu əsərdə bir uşaq əlçatmaz görünən ürək formalı şara əl uzadır. Divarda yazılan söz: "Həmişə ümid var". Bu mesaj XIX əsr alman filosofu Artur Şopenhauerin "iradə" anlayışına “heç vaxt doymayan, qeyri-rasional gücə” bənzəyir. 2018-ci ildə Banksi bu əsəri auksionda satılarkən içindəki gizli mexanizm vasitəsilə yarıda parçalayıb və bu şəkildə Şopenhauerin arzuların puçluğuna dair fikirlərini əyani şəkildə göstərib.
2. "Gül Atan"
Maskalı bir kişi, bombaya yox, güllərə bənzər bir buket atır. Bu görüntü əvvəlcə sülh və qeyri-zorakı müqavimət fəlsəfəsinə, məsələn Qandinin Satyaqraha anlayışına işarə edir. Amma Banksi burda da alt-mətn yaradır: burada gözəllik və həqiqət silaha çevrilib.
3. "Bir Millət CCTV Altında"
Londonda yerləşən bu əsərdə bir uşaq nəhəng hərflərlə bu sözləri yazır "Bir millət CCTV altındadır”. Polis və onun iti bu səhnəni izləyir. Hətta real bir müşahidə kamerası da rəsmin üstündə yerləşir. Bu, fransız filosofu Mişel Fuko-nun "Nəzarət və Cəza" adlı əsərindəki Panoptikon, yəni hər kəsin daim izlənildiyi cəmiyyət modeli ilə üst-üstə düşür.
4. "Mobil Aşiqlər"
Bu muralda bir cütlük bir-birini qucaqlayır, lakin baxışları smartfon ekranlarına dikilib. Fransız ekzistensialist filosofu Simon de Bovuardan ilham alan bu əsər, onun "Qeyri-müəyyənliyin Etikası" (1947) kitabındakı ideyaları ilə səsləşir. O, insanın azad və orijinal olması üçün digər insanlarla dərin ünsiyyətə ehtiyac duyduğunu qeyd edib. Banksinin əsəri isə bu yaxınlığın texnologiya ilə necə pozulduğunu nümayiş etdirir.
5. "Mayak"
Bu əsər sadə bir bollardın uzun bir kölgəylə mayaka çevrildiyi kompozisiya Platonun mağara alegoriyasını tərsinə çevirir. Kölgə əsl gerçəkliyin təcəssümünə çevrilir. "Mən səndə gördüyün şey olmaq istəyirəm" bu, Banksinin ən insani və eyni zamanda ən fəlsəfi mesajlarından biridir.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
