
Oyun dünyasının yeni elanlar üçün ən böyük həftəsonu gəlib çatdı – onlarla oyun ilk dəfə nümayiş etdirilir.
Summer Game Fest ABŞ-da ötən gecə illik təqdimat marafonuna start verdi və sənayenin aparıcı studiyaları diqqəti cəlb etmək üçün yeni təqdimatlar və parlaq treylerlər göstərdilər.
Əvvəlki illərdə olduğu kimi bu dəfə də film və musiqi dünyasının ulduzları tədbirə bir az “ulduz tozu” qatmaq üçün orada idi.
Bütün bunlar oyun firmalarının işçiləri ixtisar etdiyi, insanların isə yeni oyunlara az pul xərclədiyi və onun yerinə Fortnite, Grand Theft Auto və Minecraft kimi uzunömürlü oyunlara üstünlük verdiyi bir dövrdə baş verir.
Bu isə studiyaların sizi yeni oyunlara pul xərcləməyə inandırmaq üçün daha çox səy göstərməli olduqları anlamına gəlir.
BBC Newsbeat, bizi buna razı salmaq istəyən bütün Summer Game Fest elanlarına nəzər salıb:
Game of Thrones – indi oyun şəklində
İllərlə hamının danışdığı televiziya şousu idi.
İndi isə Avstraliyalı inkişaf etdirici PlaySide, həmin uğuru Game of Thrones seriyası əsasında hazırladığı yeni oyunla təkrarlamağı ümid edir.
War for Westeros adlı bu real-vaxt strategiya oyunu (RTS) gələn il çıxacaq. Oyunçular, serial və kitablardan tanıdığımız məkanlarda Böyük Evlərin ordularına nəzarət edə biləcəklər.
Bizə bildirilib ki, oyun tək rejimdə də oynana bilər, həmçinin onlayn şəkildə dostlarla qarşı-qarşıya gəlmək imkanı da olacaq. Oyun PC üçün çıxacaq.
Hitman + James Bond: Le Chiffre geri qayıdır
Ən sevdiyin James Bond filmi Casino Royale-dırsa, sənin üçün bir sürpriz var.
Mads Mikkelsen, bu filmdəki düşmən obrazı Le Chiffre rolunu təkrar canlandıracaq – bu dəfə rəqəmsal obraz kimi.
Amma bu Bond oyunu üçün deyil – əksinə, bu dəyişiklik Hitman seriyasının yeni yenilənməsi üçündür.
Bu qəribə görünə bilər, amma indi hər şey daha məntiqli gəlir: Hitman-ı hazırlayan IO Interactive, 007: First Light adlı yeni Bond oyunu üzərində işləyir.
Hitman oyununda bu vəzifəni yerinə yetirənlər, gələcək Bond oyununda mükafatlar qazanacaqlar.
Bu, həm də Le Chiffre-in 007: First Light oyununda görünəcəyi ilə bağlı ən güclü ipucudur.
Resident Evil 9: Requiem
Capcom-un zombi-qorxu oyunu Resident Evil seriyası demək olar ki, 30 yaşındadır.
Artıq məlumdur ki, bu yubiley yeni bir oyunla qeyd olunacaq.
Aksiyalı treyler Resident Evil 9-un adını Requiem olaraq açıqladı və oyunun məşhur Racoon City-nin dağılmış versiyasını nümayiş etdirdi.
Oyun PlayStation 5, Xbox Series X/S və PC üçün gələn il buraxılacaq.
Hələlik Nintendo-nun yeni və daha güclü Switch 2 konsoluna çıxışı barədə məlumat verilməyib.
Wu-Tang: Rise of the Deceiver adlı oyun, səni və dostlarını 90-cı illərin məşhur hip-hop qrupu Wu-Tang Clan ilə birgə döyüşə çıxmağa imkan verəcək.
Bu oyun döyüş və musiqi qarışığını təqdim edir.
İlk treylerdə Afro-sürrealizm tərzi və anime elementləri göstərildi, üstəlik qrupun öz musiqilərindən də çox istifadə olunub.
Bu onların oyun dünyasına ilk gəlişi deyil – 1999-cu ildə çıxan Wu-Tang: Shaolin Style döyüş oyunu qarışıq rəylər almışdı.
Jurassic World Evolution 3: Yenidən dinozavrlar
Bunu deməyə ehtiyac yoxdur, amma Jurassic World Evolution 3 oyununun ilk tam treylerində dinozavrlar çox idi.
Bu oyun, filmlərə əsaslanaraq öz əyləncə parkını qurub idarə etməyə imkan verir.
Oyunu hazırlayan Frontier Developments (Cambridge studiyası) oyunun oktyabrda konsollar və PC üçün çıxacağını açıqladı.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
