Bu gün:

Sizi minilliklər əvvələ aparacaq maraqlı tarixi abidələr


Eramızdan əvvəlki dövrlərə qədər uzanan bu möhtəşəm nümunələr Hindistandan Pompeyə qədər dünya tarixini daha dərindən kəşf etməyinizə imkan yaradacaq. Xüsusilə də ustalıqla hazırlanmış əl işləri və zamanın sınağından çıxaraq bu günə qədər gəlib çatan tikililər sizi valeh edəcək. "Reddit" platformasında seçilən tarixi əsərlər.

1. Vətəndaş müharibəsi və tayfunlara baxmayaraq hələ də ayaqda: 1200 heykəlli Otagi Nenbutsu-ji məbədi

Yaponiyanın Kyoto şəhərində Araşiyama bölgəsində yerləşən Otagi Nenbutsu-ji Budda məbədi 1200-yə yaxın yosunla örtülən arhant (ahrat) heykəlləri ilə tanınır. Məbəd ilk dəfə eramızın 766-cı ilində İmperatriçə Şotoku tərəfindən Kyoto şəhərinin Gion bölgəsində inşa edilib. Lakin Kamo çayının daşması nəticəsində dağıldıqdan sonra Enryaku-ji məbədinin bir qolu olaraq yenidən qurulub.

13-cü əsrdə baş vermiş vətəndaş müharibəsində yenidən dağıdılan məbəd 1922-ci ildə əsas tikili elementlərini qorumaq məqsədilə hazırkı yerinə köçürülüb. 1950-ci ildə isə güclü tayfun nəticəsində zərər görüb. Bütün bu hadisələrə baxmayaraq, Otagi Nenbutsu-ji bu gün də ziyarətçilərini qarşılayır.

2. Hindistanın Klassik Dövrünün simvolu: Ranakpur Cayn məbədi

15-ci əsrdə Cayn taciri Dharna Şah tərəfindən inşa olunan Ranakpur Cayn məbədi Hindistanın Racastan əyalətində yerləşir. Məbəd yalnız möhtəşəm memarlıq nümunəsi olmaqla kifayətlənmir, eyni zamanda maraqlı tarixi ilə də diqqət çəkir.

Dharna Şah bu məbədin ideyasını yuxuda gördüyünü iddia edir. Onun "ilahi ilham" adlandırdığı bu təsəvvür əsasında inşa edilən məbədin tikintisinə isə Mewar hökmdarı Rana Kumbha tərəfindən icazə verilib – lakin bir şərtlə: Şah bu əraziyə köçməli idi. Məbəd Kumbha dövründə tikilən digər abidələrlə yanaşı, Mewar dövlətinin iqtisadi və mədəni çiçəklənməsini əks etdirir.

Memarlıq həvəskarları üçün əlavə məlumat: Bəzi tarixçilər Kumbha dövrünü Hindistanın Klassik Dövrünün estetikası və ruhunu yenidən canlandıran, xüsusilə Maru-Gurjara memarlıq üslubunun inkişaf etdiyi bir növ "Neo-Klassik" dövr kimi xarakterizə edirlər.

3. Dünyada bənzəri olmayan L’Orange parfüm şüşəsi

L’Orange Variée adlı ətir 1925-ci ildə “Les Parfums De Marcy” brendi tərəfindən istehsal edilib. Bu ətirin qeyri-adi dizaynı diqqət çəkir: Şüşə içərisində portağal dilimlərini xatırladan səkkiz ayrı bəzəkli şüşə bölmədən ibarətdir və hər bölmə emaye qabıq içərisində yerləşdirilib. Maraqlısı odur ki, şüşə mantarları diqqət çəkməsin deyə bölmələr tərs şəkildə yerləşdirilib.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et