Şotlandiya və İngiltərədəki Viktoriya dövrünə aid qəbiristanlıqlarda üzərində iri dəmir barmaqlıqlar olan qəbir daşlarına rast gəlib.

Bu barmaqlıqlar — "mortsafe" adlanan qurğular — bəzi ehtimallara görə vampir və ya zombi kimi “dirilib” qayıda biləcək ölülərin qarşısını almaq üçün qurulub. Lakin bu inanc tarixi baxımdan yanlışdır. Çünki nə zombilər, nə də vampirlər həmin dövrdə geniş yayılmış qorxu anlayışları olmayıb. Əsl təhlükə meyit oğruları, yəni "body snatchers" olub.
Tibbi təhsil və meyitlərə olan tələbat
18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində anatomiya dərsləri üçün yeni və təzə cəsədlərə ehtiyac artıb. Başlanğıcda yalnız cinayətkarların və kimliyi məlum olmayanların cəsədləri istifadə edilib, amma bu kifayət etmədiyindən ölülərin qəbirdən çıxarılıb satılması geniş yayılıb.
Polis əvvəlcə bu prosesi görməzdən gəlib, çünki elm üçün faydalı sayılıb. Amma cəmiyyət bundan xəbər tutanda kütləvi narahatlıq və etirazlar başlayıb. İnsanlar yaxınlarının cəsədlərinin qəbirdə toxunulmaz olmadığını anlayanda qoruyucu tədbirlər görməyə başlayıblar.
Qoruma üsulları
•Zənginlər qəbirlərin üzərinə iri daş lövhələr qoyub və ya kilidli kriptalara dəfn ediblər.
•Kasıblar isə qəbirlərin üstünə əşyalar qoyub və ya gecə gözətçiləri təyin ediblər.
•Amma meyit oğruları bu tədbirləri də keçib — daşı yanından qazıb, kriptalara girib, gözətçiləri isə pulla ələ alıblar.
Mortsafe nə idi?
Mortsafe qəbirin üzərinə quraşdırılıb və yerin altına qismən basdırılıb. Məqsəd – meyitin oğurlanmasının qarşısını almaqdır. Cəsəd çürüdükdən sonra bu qurğu çıxarılır.
Mortsafelər müxtəlif formalarda olub:
Sadə, tək qəbir ölçüsündə dəmir barmaqlıqlar. Bəzi hallarda içində bir neçə cəsəd yerləşə bilən mürəkkəb kilidli sistemlər (məsələn, Greyfriars Kirkyard qəbiristanlığındakı üç nəfərlik model). İcarəyə verilən və ya ailə tərəfindən alınan modellər.
Niyə bəzi mortsafeler hələ də yerindədir?
Quraşdırılması və çıxarılması çətin olduğundan bəzi mortsafelər bu gün də qəbiristanlıqlarda qalır. Xüsusilə, Edinburq ətrafındakı anatomiya məktəblərinə yaxın bölgələrdə daha çox rast gəlinib.
Burke və Hare hadisəsi
Burke və Hare adlı şəxslər meyit oğurlamaqla kifayətlənməyib, insanları qəsdən öldürüb, cəsədlərini tibbi məktəblərə satıblar. Bu hadisə cəmiyyətin problemin miqyasını başa düşməsinə səbəb olub və mortsafelərin sayı sürətlə artıb.
Arxeologiya üçün əhəmiyyəti
Arxeoloji qazıntılarda bu dəmir qəfəs sistemlərinə rast gəldikdə, onların mifoloji deyil, praktiki səbəblərlə istifadə olunduğu bilinməlidir. Həmçinin qəbirin sonradan ikinci dəfə qazılıb-qazılmaması (mortsafenin yerləşdirilməsi və çıxarılması) mümkün post-mortem müdaxilə kimi dəyərləndirilməlidir.
Mənbə: WorldPress.com
Tərcümə etdi: Arzu Qafarova
