Bu gün:

Ağıllı telefonlarda görülən “NFC”nədir?


Telefon parametrlərində adını tez-tez görüb “Bu nə işə yarayır ki?” dediyiniz NFC əslində olduqca funksional bir texnologiyadır. Müasir dövrdə həm Android, həm də iPhone cihazlarında bu funksiya mövcuddur. Lakin bir çox istifadəçi bu texnologiyanı fərqinə varmadan keçib gedir. Halbuki NFC həm təhlükəsiz, həm də sürətli istifadəyə imkan yaradır. NFC, yəni Near Field Communication Azərbaycan dilində “Yaxın Sahə Əlaqəsi” mənasını verən simsiz rabitə texnologiyasıdır. İlk dəfə 2002-ci ilin sonlarında Sony və Philips şirkətlərinin birgə layihəsi kimi meydana çıxmış, 2004-cü ildə isə Nokia, Sony və NXP şirkətlərinin əməkdaşlığı ilə daha da inkişaf etdirilərək bugünkü halını almışdır. NFC texnologiyası Bluetooth və Wi-Fi kimi digər simsiz texnologiyalara bənzəsə də, əsas fərqi çox qısa məsafədə — yalnız 2–4 santimetr aralığında işləməsidir.

Bu gün yalnız telefonlarda deyil, planşetlərdə, daşınan dinamika (səsucaldıcı), printerlərdə, fotoaparatlarda və hətta Nintendo Switch kimi oyun konsollarında da istifadə olunur. NFC-nin bu qədər yayılmasının əsas səbəblərindən biri onun praktikliyi və əlavə enerjiyə ehtiyac duymadan işləməsidir.

Ağıllı telefonlara inteqrasiya olunan NFC sayəsində istifadəçilər artıq fayl ötürülməsindən mobil ödənişlərə qədər bir çox əməliyyatı saniyələr ərzində həyata keçirə bilirlər.

Google Pay, Apple Pay və Samsung Pay kimi təmassız ödəniş sistemləri məhz bu texnologiya ilə işləyir. Həmçinin ictimai nəqliyyat kartları, təmassız kredit və bank kartları da NFC texnologiyası ilə həyatımıza asanlıq gətirir. NFC həmçinin oyunlarda, bank əməliyyatlarında və təhlükəsiz giriş sistemlərində də istifadə olunur.

Əgər NFC-nin yalnız telefonlararası əlaqə ilə məhdud olduğunu düşünürsünüzsə, yanılırsınız. NFC etiketləri (tag-lar) içində kiçik bir inteqrasiya olunmuş sxem və mis (bürünc) spiral məftillər olan balaca cihazlardır. Onlar xarici enerji mənbəyinə ehtiyac duymur, çünki NFC dəstəkləyən cihaz yaxınlaşdırıldıqda ətrafından aldığı enerji ilə işləyir.

Bu etiketlər müxtəlif tapşırıqlar üçün proqramlaşdırıla bilər; məsələn, etiketi telefona yaxınlaşdırdığınız zaman avtomatik olaraq Wi-Fi şəbəkəsinə qoşula bilər, müəyyən bir tətbiqi aça və ya təyin etdiyiniz hər hansı bir əmri icra edə bilər.

Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et