Bu gün:

Təslimiyyət rəmzi kimi niyə ağ bayraq seçilib?


Ağ bayraq dalğalandıqda çoxlarının zehnində sülh, təslimiyyət və ya atəşkəs kimi anlayışlar canlanır. Lakin bu simvolun mənşəyi və istifadəsi düşündüyümüzdən daha qədimdir. Ağ bayraq hər zaman “məğlub olduq” anlamına gəlmir. Tarix boyu bu simvol bəzən sadəcə danışıqlar aparmaq, bəzən isə müvəqqəti atəşkəs və ya ölənləri dəfn etmək məqsədilə istifadə olunub.

Ağ bayrağın dəqiq nə vaxt ortaya çıxdığı bilinməsə də, qədim Roma tarixçiləri Liviy və Tacitusun yazdıqlarına əsasən, eramızdan əvvəl III əsrdə və eramızın 69-cu ilində savaşdan yayınmaq istəyən tərəflər ağ yun lentlər və zeytun budaqları ilə meydana çıxıblar. Həmin dövrdə ağ rəng tanrılara yalvarışın və mərhəmət diləməyin rəmzi idi. Bu, həm dini, həm də strateji bir addım hesab olunurdu.

Tarixçi Ed Vatts qeyd edir ki, ağ parça bir növ tanrılara sığınmaq istəyinin vizual ifadəsi idi. Yəni bu rəng təsadüfi seçilməmişdi. 1578-ci ildə İngilis səyyah Corc Best yazır ki, Inuit xalqı sülh mesajı vermək üçün heyvan bağırsağından tikilmiş ağ bayraq qaldırmışdı. Deməli, bu simvol təkcə Avropa mədəniyyətində deyil, fərqli xalqlarda da oxşar niyyətlə istifadə olunub.

Əsgərlərin üzərində daşıdığı boyanmamış parçalar döyüş meydanında tez fərqləndiyi və digər bayraqlarla qarışmadığı üçün tezliklə sülh niyyəti bildirən universal simvola çevrildi. Amerika Vətəndaş Müharibəsində General Robert Li təslim olmaq istəyəndə, zabitlərdən biri xüsusi bayraq əvəzinə əlindəki mətbəx dəsmalını qaldırmışdı. Bu dəsmal bu gün ABŞ-ın Smitsoniya Muzeyində nümayiş olunur.

1899-cu ildə keçirilən Haaqa Konfransında ağ bayraq daşıyanlara toxunulmaması beynəlxalq humanitar hüququn bir hissəsinə çevrildi. Lakin bu imtiyazdan sui-istifadə edənlər üçün hüquqi müdafiə qüvvədən düşür. XX əsrdə xüsusilə Birinci və İkinci Dünya Müharibələri dövründə ağ bayraq vasitəsilə tərəflər arasında mesajlar ötürülüb. 1914-cü ilin məşhur Milad atəşkəsi zamanı alman əsgərlərinin “Kamarad!” deyərək ağ bayraq qaldırması fransız əsgərlərin ailələrinə yazdığı məktublarda yer alıb.

Zaman keçdikcə ağ bayraq yalnız hərbi deyil, həm də mülki müstəvidə istifadə edilməyə başlandı. Müasir dövrdə münaqişə bölgələrində mülki vətəndaşlar və girovlar ağ parça qaldıraraq “təhlükəsizik, bizə toxunmayın” mesajı verməyə çalışırlar. Bu isə ağ bayrağın bir tək təslimiyyət deyil, eyni zamanda həyat hüququnun qorunması naminə bir çağırış olduğunu göstərir.


Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et