Qurban bayramı İslam aləmində böyük əhəmiyyət kəsb edən və hər il coşqu ilə qeyd olunan dini bayramdır. Müsəlmanların dini vəzifələrindən biri olan heyvan qurbanlığının icra olunduğu bu bayram, həm də İslamın beş əsas sütunundan biri olan həcc ziyarəti ilə bağlıdır. Qurban bayramı həm mənəvi mənası, həm də ictimai həmrəylik və əməkdaşlığa təşviq edən cəhətləri ilə diqqət çəkir.

Qurban bayramı nədir?
Qurban bayramı İslam dinində mühüm yeri olan və müsəlmanlar tərəfindən hər il qeyd olunan dini bayramdır. Bu bayram İbrahim peyğəmbərin Allaha sədaqətini göstərmək üçün oğlu İsmayılı qurban vermək istədiyi zaman başlayan bir ənənəyə əsaslanır. Qurban kəsmə İslam dinində şükür və Allaha yaxınlaşmaq üçün böyük əhəmiyyət kəsb edir. Qurban bayramı tarixi hicri təqvimi ilə Zilhiccə ayının 10-na təsadüf edir və dörd gün qeyd olunur. Qurban kəsməkdə məqsəd maddi imkanı olan müsəlmanların həm Allaha ibadət vəzifələrini yerinə yetirməsi, həm də ehtiyacı olanlara yardım etməsidir. Bu bayram müsəlmanlar arasında birlik hisslərini gücləndirir, ictimai həmrəyliyi artırır.
Heyvanı qurban kəsməyin fəziləti
Həzrət Peyğəmbər (s) qurban kəsməyin müsəlmanlar üçün mühüm ibadət olduğunu vurğulayaraq bu ibadəti yerinə yetirənlərin böyük savab qazanacağını bildirib. Qurban kəsmək insanın günahlarının bağışlanmasına, mənəvi dərəcəsinin yüksəlməsinə vəsilədir. Həmçinin Allaha sədaqət və təslimiyyətin ən gözəl nümunələrindən sayılır.
Kim qurban kəsməyə borcludur?
Maddi cəhətdən imkanlı və müəyyən şərtlərə cavab verən hər bir müsəlman qurban kəsməyə borcludur. Bu şərtlərə nisab miqdarında mal sahibi olmaq və əqli cəhətdən sağlam olmaq daxildir.
Qurbanlıq heyvanlar hansı şərtlərə cavab verməlidir?
Qurbanlıq heyvanlar müəyyən şərtlərə cavab verməlidir. Bu şərtlərə heyvanın sağlam olması, müəyyən yaşa çatması (qoyun və keçilər bir il, mal-qara və dəvələr iki il) və heç bir qüsuru olmaması daxildir.
Qurban əti necə paylanmalıdır?
Qurban ətinin paylanması üç hissəyə bölünməklə həyata keçirilə bilər. Bir hissəsi ailəyə, bir hissəsi qohumlara, qonşulara, bir hissəsi isə ehtiyacı olanlara paylanmalıdır. Bu, sosial həmrəyliyi və əməkdaşlığı təşviq edir.
Heyvan kəsilərkən hansı məqamlara diqqət yetirilməlidir?
Heyvan kəsilərkən diqqət yetirilməli olan məqamlar arasında heyvana işgəncə verilməməsi, kəsimi dini qaydalara uyğun yerinə yetirilməsi və gigiyena şəraitinə diqqət yetirilməsi daxildir. Heyvanı kəsməzdən əvvəl niyyət etmək də vacibdir.
Mənbə: Hisar.com.tr
Tərcümə etdi: Aminə Paşazadə
