Marallar təbiətin ən zərif və gözə çarpan heyvanlarındandır. Erkək maralların başında olan böyük buynuzlar həm gözəlliklərinə, həm də faydalı quruluşlarına görə seçilir. Amma çox adamın bilmədiyi maraqlı bir fakt var: marallar bu buynuzları hər il atırlar.

Maralların buynuzlarını atması tamamilə normal və sağlam bir prosesdir. Bu, adətən hər il qışın sonunda və ya yazın əvvəlində baş verir. Erkək marallar payızda cütləşmə dövründə dişiləri qazanmaq üçün bir-biri ilə buynuz döyüşlərinə girirlər. Bu döyüşlərdə qalib gələn marallar dişilərin diqqətini çəkir. Amma cütləşmə mövsümü bitdikdən sonra bu buynuzlara artıq ehtiyac qalmır və marallar onları qırırlar.
Maralların buynuzlarını atması bədənlərindəki testosteron hormonunun azalması ilə başlayır. Qış aylarında bu hormonun səviyyəsi aşağı düşür və buynuzların bağlandığı sümük zəifləyir. Nəticədə, buynuzlar atılır. Yaz gələndə isə yeni buynuzlar yenidən böyüməyə başlayır.
Maralın buynuzları hər il yenidən çıxır və çox vaxt əvvəlkindən daha böyük və çox budaqlı olur. Bu, erkək maralın nə qədər güclü və yaşlı olduğunu göstərmək baxımından önəmlidir. Cavan maralların buynuzları kiçik olur, amma yaş keçdikcə bu buynuzlar daha böyük və təsirli görünməyə başlayır.
Atılan buynuzlar təbiətdə sadəcə yox olmur. Siçan, dələ kimi kiçik heyvanlar bu buynuzları gəmirərək içindəki kalsium və digər faydalı maddələrdən istifadə edirlər. Başqa sözlə, maralların atdığı buynuzlar da təbiətdə faydalı bir rol oynayır və ekosistem üçün dəyərli bir qaynaq sayılır.
Buynuz atmaq maralların həyatında tamamilə təbii və vacib bir prosesdir. Bu, heyvanların sağlam qalmasına və təbiətin balansının qorunmasına kömək edir. Təbiət həmişə öz tarazlığını qorumağı bacarır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
