İtaliyanın “İnter” klubunun baş məşqçisi Simone İnzagi vəzifəsindən ayrılıb. Bu qərar şənbə günü baş tutan və “İnter”in Paris Sen-Jermenə məğlub olaraq UEFA Çempionlar Liqasının finalında uduzmasından sonra verilib.
Simone son dörd ildə “İnter” ilə əhəmiyyətli uğurlara imza atıb. O, 2023-24 mövsümündə A Seriyasının çempionu olub, iki dəfə İtaliya Kubokunu, üç dəfə isə İtaliya Superkubokunu qazanıb. İnzagi həmçinin iki dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanmaqla klubun Avropadakı uğurlarına da töhfə verib.
İnzaginin gedişi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan aldığı cəlbedici təklif fonunda baş verib. “Əl-Hilal” may ayında Jorge Jesus ilə yollarını ayırdıqdan sonra baş məşqçisiz qalıb.
Çərşənbə axşamı günü klub rəhbərliyi ilə baş tutan görüşdən sonra “İnter” prezidenti Cüzeppe Marotta belə açıqlama verib: “Simone İnzagiyə bu illər ərzində gördüyü işlər və bugünkü səmimi müzakirəsi üçün təşəkkür edirəm. Biz bu gün ortaq qərarla yollarımızı ayırdıq. Günbəgün birlikdə mübarizə apararaq uğur qazanmış insanlarla yalnız belə dürüst söhbətlər mümkündür.”
İnzagi isə “Neradzurri ailəsi”nə ünvanladığı vida mesajında bu sözləri deyib: “Dörd illik bu möhtəşəm səyahətin sonuna gəldik. Bu müddətdə bacardığım hər şeyi verdim. Mənə daim güvənən klub rəhbərliyinə, prezidentə və onun komandasına təşəkkür edirəm. Bugünkü çətin gündə belə bir təşəkkürü ifadə etmək vacibdir. Bu gün baş tutan görüşdə biz səmimi olduq və birlikdə bu yola nöqtə qoymaq qərarına gəldik.”
O, çıxışının sonunda azarkeşlərə xüsusi təşəkkürünü bildirib: “Sevincli və çətin anlarda mənə dəstək olan, mənimlə birgə ağlayan, gülən və altı uğurumuza şərik olan milyonlarla ‘Neradzurri’ azarkeşlərinə son sözüm budur: Sizi heç vaxt unutmayacağam. Forza Inter!”
Mənbə: New York Times
Tərcümə etdi: Fatimə Cabbarlı
