İnternet bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin metro tunellərinə daxil olduqda bu əlaqə tez-tez kəsilir və onlayn dünya ilə əlaqəmiz dayanır. Bəs texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə metro tunellərində internetə çıxış niyə hələ də təmin olunmayıb?
Metro tunelləri yerin alt qatlarında yerləşir və bu dərinlik radio siqnallarının tunellərə çatmasına ciddi maneələr yaradır. Beton və metal kimi materiallar siqnalların keçməsinə əngəl törədir, tunellərin əyri strukturu isə siqnalların yayılmasını daha da çətinləşdirir. Səthdəki antenalardan gələn siqnallar bu fiziki maneələr səbəbilə tunellərə daxil olmaqda çətinlik çəkir.
Metro stansiyalarında Wi-Fi şəbəkəsi qurmaq texniki cəhətdən mümkün olsa da, bu proses yüksək maliyyət tələb edir. Siqnalın yayılması üçün xüsusi antenaların quraşdırılması və yeni infrastruktur sistemlərinin yaradılması lazımdır. Lakin bu, stansiyaların mövcud strukturuna və metro nəqliyyatının fasiləsiz işləməsinə müdaxilə tələb etdiyindən əlavə çətinliklər yaradır. Xüsusilə böyük şəhərlərdə bu tip işlərin aparılması daha da mürəkkəbləşir.
Metro tunellərində internetin təmin edilməsinin ən effektiv yollarından biri siqnal daşıyan kabellərin quraşdırılmasıdır. Lakin bu kabellərin yerləşdirilməsi istilik, rütubət və sərt mühit şəraiti səbəbindən xüsusi dəqiqlik tələb edir. Tunellərdən keçən bu kabelləri etibarlı şəkildə bərkitmək üçün xüsusi texnika və peşəkar yanaşma lazımdır. Bundan əlavə, kabellərin enerji ilə təmin olunması və hər hansı nasazlıq halında sürətlə müdaxilə edilməsi də əlavə çətinliklər yaradır.
Metro tunellərində internetə çıxış innovativ texnologiyalar sayəsində mümkün ola bilər. Türkiyədə və dünyanın digər ölkələrində bu sahədə atılan addımlar gələcəkdə daha bağlantılı və rahat metro səyahətlərini təmin edə bilər. İnternetin hər yerdə əlçatan olduğu bir dünya artıq uzaq bir xəyal deyil.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
