Bu gün:

Yapon adası sənətlə canlanıb


Bir vaxtlar çirklənən və əhali itkiləri ilə üzləşən Naoshima indi Yaponiyanın ən məşhur müasir sənət məkanına çevrilib və görünür ki, həyat adada yenidən canlanmağa başlayır.




1989-cu ildən başlayaraq milyarder Soichiro Fukutake tərəfindən başlanan çoxadalı sənət təşəbbüsü olan “Benesse Art Site Naoshima” sayəsində Naoshimaya hər il 500,000-dən çox turist gəlir. Balıqçı kəndləri, düyü tarlaları və qayalı sahilləri indi heyrətamiz sənət instalyasiyaları və iddialı muzeylərin fonuna çevrilib. 2010-cu ildə başlanan Setouchi Triennali isə bu regionda keçirilən əsas beynəlxalq sənət tədbirlərindən birinə çevrilib. Onun altıncı buraxılışı bu il 18 aprel tarixində başlayıb və 9 noyabra qədər davam edəcək və bu, Triennalinin tarixində ən uzun müddətli buraxılışdır.

 40 il əvvəl belə bir dəyişiklik təsəvvür belə olunmayıb. 20-ci əsrin əvvəllərində Naoshima mis əritmə mərkəzi kimi tanınıb, lakin 1980-ci illərə gəldikdə bu ərazidə ciddi çirklənmə var olub. Mitsubishi Materials zavodunun ətrafındakı torpaq bitkilərdən məhrum olub. Əhali sürətlə azalıb, gənclər böyük şəhərlərə üz tutub.

Fukutake'nin atası, nəşriyyat maqnatı Tetsuhiko Fukutake və Naoshimanın o zamankı meri Chikatsugu Miyake bu bölgəni bir uşaq düşərgəsi ilə canlandırmaq istəyiblər. Tetsuhiko layihə tamamlanmadan vəfat edib və işi oğluna qalıb. Sakit, lakin çirklənən mənzərə qarşısında şoka düşən Soichiro Fukutake adanın cənub hissəsində böyük torpaq sahəsi alıb. Onun yeni planı sahil mənzərəsinə uyğun, cazibədar muzeylər inşa edərək ərazini dirçəltmək idi. Bu məqsədlə, təbiətlə harmoniyada tikililər dizayn edən Osaka mənşəli memar Tadao Ando ilə işləməyə başlayıb.

Benesse House Muzeyi 1992-ci ildə açılıb və bu gün Bruce Nauman, Frank Stella və Hiroshi Sugimoto kimi sənətkarların əsərlərinə ev sahibliyi edir.

Adanın dünya miqyasında açıq hava muzeyinə və çağdaş sənət mərkəzinə çevrilməsi 1994-cü ildə Yayoi Kusamanın məşhur sarı-qara xallı "Balqabaq" instalyasiyasının əraziyə əlavə olunması ilə əminlik qazanıb. Bu əsər bu gün Naoshimanın simvoluna çevrilib.

Soichiro Fukutake'nin oğlu Hideaki belə deyir: “Əsl məqsəd turizmi təşviq etmək olmayıb. Sənət vasitəsilə bölgəni dirçəltmək və yerli əhalidə doğma yerlərinə qarşı yenidən qürur hissi yaratmaq olub”.

Bu missiya yalnız yeni tikililərlə bağlı deyil. 1998-ci ildə Honmura balıqçı kəndində başlayan Art House Project çərçivəsində "mövcudu istifadə edərək yenini yaratmaq" prinsipi ilə tərk edilən binalar sənətə çevrilib. Məsələn:

Haisha- köhnə diş həkimi binası, kollaj və təkrar materiallarla bəzədilib.

Naoshima Bath – bərpa olunan ictimai hamam, xaricində naxışlı kafel mozaikası və içərisində kişi və qadın bölmələri arasında nəhəng fil heykəli var.

Bir vaxtlar şübhə ilə yanaşan yerli sakinlər indi nəticələrdən razıdırlar. 1980-ci illərdə bələdiyyə işçisi olan Toshio Hamaguchi deyir:

“Mən düşünməzdim ki, bu cür sənət layihəsi insanları bura cəlb edəcək. Amma indi sayəsində çoxlu ziyarətçimiz var”.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova



Paylaş
Şərh əlavə et