"İncəsənətin inciləri" rubrikası “Dağdakı Xütbə” əsərini təqdim edir.

Carl Blochun “Dağdakı Xütbə” adlı əsəri xristian dünyasının ən önəmli hadisələrindən birini, yəni, İsanın insanlara verdiyi məşhur təlimi sənətin dili ilə təsvir edir. Bu əsər yalnız dini bir səhnənin təsviri deyil, həm də insanlıq, şəfqət və ruhani aydınlıq haqqında dərin bir mesajdır.
Tablonun mərkəzində İsa Məsih oturmuş vəziyyətdə ətrafına toplaşmış insanlara müraciət edir. Onun sağ əli yuxarı doğru qalxıb. Bu, Tanrının sözünü təbliğ etməyə işarədir. Üz ifadəsində sakitlik və qətiyyət var. Onu dinləyən insanlar müxtəlif sosial təbəqələri təmsil edir: bəziləri kasıb, bəziləri yaşlı, bəziləri düşüncəli, bəziləri isə ümidsiz görünür. Bu isə xütbənin bütün insanlara ünvanlandığını göstərir, heç kim bu sözlərin təsirindən kənarda deyil.
Rəssam işıqdan xüsusi şəkildə istifadə edib. İsanın ətrafı işıqla əhatələnib və bu, onun müqəddəsliyini və ilahi bilik daşıyıcısı olduğunu vurğulayır. İşıq həm də ümid və aydınlıq simvoludur. İsanın baxışları bir nöqtəyə yönəlməyib, sanki hər kəsi eyni anda görür və dinləyir.
Əsərin kompozisiyası son dərəcə düşünülüb. Təbii qayalar üzərində qurulan səhnə sadə, lakin güclü bir atmosfer yaradır. Bu səhnə müqəddəs bir məkan kimi görünür. Dinləyicilərdən birinin diz çökərək dua etməsi, digərlərinin diqqətlə qulaq asması və bəzilərinin düşüncəli baxışları İsanın sözlərinin nə qədər təsirli olduğunu göstərir.
“Dağdakı Xütbə” şəfqət, mərhəmət, səbir və ədalət kimi dəyərlərin təbliğidir. Carl Bloch burada İsanın “məğrurları yox, sadələri”, “qorxutmayanları yox, bağışlayanları” önə çıxardığını açıq şəkildə göstərir. Carl Bloch bu əsəri ilə bir mesaj verir: Hər dövrün insanına xitab edən sözlər var. Və bu sözlər doğru bir anda, doğru bir şəkildə deyiləndə həmişə eşidilir.
Hazırladı: Talehə Hüseynzadə
