Sədaqətsizlik ittihamlarından yelləncək qalmaqallarına qədər, “The Secret Lives of Mormon Wives” adlı televiziya serialı ənənəvi Mormon təsəvvürlərindən tamamilə fərqli bir həyat tərzini təqdim edir.
Yuta ştatının səhralıq şəhərciklərində çəkilən bu serial TikTok-da məşhurlaşan və "MomTok" fenomeninə çevrilən Mormon qadınlarını izləyir. Onlar skandallarla, evlilik problemləri ilə və biznes layihələrindən tutmuş dəvətlər siyahısına qədər bir çox mövzuda qarşıdurmalarla üzləşirlər. Amma bu sensasiyalı süjet xətlərinin arxasında, bir-birinə sıx bağlı olan icma daxilində dəyişən dinamikaları əks etdirən daha mürəkkəb bir hekayə dayanır.
Bu Mormon analar qrupu son beş ildir ki, internetdə məzmun hazırlayır, amma realiti-şou hələ də onlar üçün yeni bir anlayışdır.
Başlanğıcda bu fəaliyyət hobbi olub, amma indi onlar üçün tam zamanlı bir işə çevrilib. Qadınlar realiti-şoudan və brend müqavilələrindən nə qədər pul qazandıqlarını açıq şəkildə etiraf edirlər.
Serialın iki mövsümü boyunca Jessi və Whitney çətin süjet xətləri ilə qarşılaşıblar – Whitney birinci mövsümdə ‘pis obraz’ kimi təqdim olunur, ikinci mövsümün sonunda isə Jessi'nin guya bir əlaqəsi olduğu irəli sürülür. Onlar milyonlarla insanın həyatlarını izləməsi və şərh etməsinin üzərlərində yaratdığı təsiri səmimi şəkildə izah edirlər.
Serial doqquz dostun həyatını izləyir və bəziləri daha çox ekran vaxtı əldə etmək üçün dram yaratmağa meylli görünə bilər, amma Jessi deyir ki, heç kim özünü "oynatmır", sadəcə emosiyalar təbii olaraq daha gərgin olur. Jessi'nin partlayış dolu Halloween məclisi də ssenariyə daxil edilməyib.
Bütün bu dram və çəkiliş təzyiqləri fonunda psixoloji dəstək vacibdir və hər iki qadın prodüser qrupunun bu sahədə gördüyü işi yüksək qiymətləndirib. Whitney də birinci mövsümdə “pis obraz” kimi təqdim olunduqdan sonra psixoloji yardım aldığını bildirib.
Whitney MomTok qrupunun üzvlərindən biri olub və bu qrupun üzvü Taylor Frankie Paul onların "soft swinging" (hissəvi partnyor dəyişikliyi) ilə məşğul olduğunu ictimaiyyətə açıqlayıb.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
