1978-ci ilin yayında Rusiyanın cənubunda Sibir meşələrində aparılan faydalı qazıntı axtarışları zamanı alimləri heyrətə salan bir hadisə baş verib. Helikopterlə kəşfiyyat aparan pilotlardan biri Abakan çayı yaxınlığında yerləşən dağ yamacında kiçik bir daxma müşahidə edib. Ən yaxın yaşayış məntəqəsindən 150 kilometr məsafədə yerləşən bu daxma heç bir xəritədə qeyd olunmayıb. Əraziyə enən tədqiqatçılar bu naməlum daxmaya çatmaq üçün saatlarla çətin və səbir tələb edən piyada yol qət ediblər. Qapısı açıldıqda isə qarşılarında beş nəfərlik bir ailə və 40 illik təcrid həyatı vardı.

Daxmada yaşayan şəxs Karp Lıkov idi. Onunla birlikdə dörd övladı – Savin, Natalya, Dmitri və Aqafiya da orada yaşayıb. Lıkov ailəsi Rusiyada dini təzyiqlərdən qaçmaq məqsədilə 1936-cı ildə mədəniyyətdən tamamilə uzaqlaşmaq qərarına gəlib. "Köhnə İnanclılar" adlanan dini təriqətə mənsub olan Karp qardaşı bolşeviklər tərəfindən öldürüldükdən sonra ailəsini götürüb meşələrin dərinliklərinə sığınıb.
Onların yerləşdiyi ərazi yol, elektrik və ümumiyyətlə, insan fəaliyyətindən tamamilə uzaq idi. Kiçik taxta daxma əvvəlcə Karp və həyat yoldaşının, daha sonra isə onların dünyaya gələn övladlarının sığınacaq yeri olub.
Lıkov ailəsi xarici dünyadan tam təcrid olunmuş şəkildə, təbiətin imkan verdiyi hər şeylə kifayətlənərək yaşayıb. Qidalarını əsasən kartof, şam fındığı, yabanı meyvələr və ovladıqları kiçik heyvanlarla təmin ediblər. Geyimləri cırıldıqda isə kətan liflərindən və ağcaqayın ağacının qabığından yeni paltarlar tikiblər.
Metal qab-qacaq zamanla yararsız hala düşdükdə Akulina Lıkov ağac qabıqlarından müxtəlif qablara alternativ hazırlamağa çalışıb. Lakin illər keçdikcə imkanlar daha da məhdud olub. 1961-ci ildə baş verən güclü qar nəticəsində bütün məhsullar məhv olduqda Akulina ailəsini aclıqdan qorumaq naminə öz həyatını fəda edib. Uşaqlar isə xarici dünya haqqında yalnız atalarının nağılvari təsvirlərindən məlumatlı idilər.
Zaman keçdikcə ailə ilə etibarlı münasibət quran tədqiqatçılar bu fərqli həyat tərzinin daha dərin təfərrüatlarını öyrəniblər. Karp Lıkov müasir dünyanın varlığını qəbul etsə də, geri qayıtmaq fikrində olmayıb. Onların nə İkinci Dünya Müharibəsindən, nə nüvə silahlarından, nə də müasir şəhər həyatının səs-küyündən xəbərləri vardı. Alimlər onlara duz, kibrit, kağız, qələm və fənər kimi müxtəlif zəruri əşyalar gətirsələr də, bu yardımlar belə ailənin təcrid həyatından imtina etməsinə səbəb olmayıb.
1981-ci ildə Savin Natalya və Dmitri qısa zaman fasilələri ilə vəfat ediblər. 1988-ci ildə isə ailənin başçısı Karp Lıkov dünyasını dəyişib. Lakin kiçik qızları Aqafiya bu gün də doğulduğu daxmada yaşayır. 2025-ci il etibarilə 81 yaşında olan Aqafiya Lıkov hələ də mədəniyyətdən uzaq, lakin inanc və həyat prinsiplərinə sadiq şəkildə həyatını davam etdirir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
