Bu gün:

PSJ-nin qələbəsindən sonra Fransada qarşıdurma baş verib


Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Paris Sen-Jermen (PSJ) azarkeşlərinin Çempionlar Liqasının finalında klubun qələbəsini qeyd etməsi nəticəsində ölkə üzrə iki nəfər ölüb, yüzlərlə insan həbs olunub.

Yerli mediada yayılan məlumata əsasən, ölkənin cənub-qərbində yerləşən Dax şəhərində şənbə axşamı gecə saatlarında 17 yaşlı bir oğlan sinəsindən bıçaqlanaraq həyatını itirib.

Prokurorluğun açıqlamasına görə, Parisin mərkəzində skuter sürən 23 yaşlı bir kişi isə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

PSJ tarixində ilk dəfə Avropa klub futbolunun ən böyük mükafatını qazandıqdan sonra baş verən vəhşi sevinc nümayişləri zamanı fişəng və atəşfəşanlıqlar olub, avtobus dayanacaqları dağıdılıb, avtomobillər yandırılıb.

Paris polis prefekti Loran Nunez bildirib ki, PSJ-nin Çempionlar Liqası kubokunu qeyd edən parad bazar günü axşam baş tutacaq, lakin tədbir zamanı gücləndirilmiş polis və ordu qüvvələri ərazidə olacaq.

Nunez bu açıqlamanı Fransa Daxili İşlər Nazirliyinin gecə baş verən qarşıdurmalarda 192 nəfərin xəsarət aldığını, 559 nəfərin isə həbs olunduğunu bildirməsindən sonra verib. Həbs edilənlərdən 491-i Parisdə saxlanılıb.

Nazirlik əlavə edib ki, iğtişaşlar zamanı 22 polis əməkdaşı və 7 yanğınsöndürən yaralanıb, 264 avtomobil yandırılıb.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et