24media.az-ın növbəti müsahibi Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məciddir. O, indiki dövrdə jurnalistikanın əhəmiyyətindən danışıb.

Günümüzün jurnalistikasında jurnalistləri nə narahat edir?
İnformasiya texnologiyalarının inkişafı yeni, çevik media tələb edir. Bu gün dinamik və xırda informasiyalar çox zaman jurnalistlərimizi jurnalistikanın köklü janrlarından uzaq salır. Bu isə jurnalistikanın bəsitləşməsinə gətirib çıxarır.
Sosial şəbəkələr jurnalistikanı kölgədə qoyurmu?
"Mən 20 il öncə heç vaxt yazılı mətbuatın sıradan çıxacağını düşünməzdim". Son 10-15 ildə sosial şəbəkələrin sürətlə artması, internetin hamı üçün əlçatan olması nəticəsində yazılı mətbuatın, qəzetlərin kağız variantlarının tarixə çevriləcəyini düşünürəm. Eyni zamanda, sosial şəbəkələr də indi aparıcı rol oynayır. İnsanlar daha çox sosial şəbəkələrə baxır və bəzən sosial şəbəkələr ictimai fikri yönləndirir. Lakin onlarda peşəkar jurnalistikadan fərqli olaraq məsuliyyət hissi olmur, jurnalistikanın prinsiplərinə riayət olunmur, hadisə və xəbərlər birtərəfli çatdırırlır. Bu mənada hesab edirəm ki, bu keçici bir dövrdür. Vaxt gələcək yenidən ciddi və peşəkar jurnalistika ön plana keçərək insanların maraq dairəsində olacaq.
Azərbaycandakı media dünya mediası ilə ayaqlaşır? Hansı fərqlər var?
Azərbaycan mediasında həmişə peşəkar jurnalistlər olub və bu jurnalistlər öz səviyyəsi ilə heç də dünyanın böyük media qurumlarının jurnalistlərindən geri qalmayıblar. Sadəcə olaraq bizim ölkəmiz balacadır və istedadlı jurnalistlərin öz imkanlarını nümayiş etdirməklərinə lazımınca riayət olunmur. Amma indi texnologiyaların inkişafı, dünya mediasının bir-birinə inteqrasiyası hər bir jurnalistin yazı qabiliyyətinin nümayiş etdirə bilməsinə gətirib çıxarır. Fikirləşirəm ki, indiki dövrdə də səviyyəli, peşəkar jurnalistlər var. Bizim mediamız sadəcə iqtisadi gücünə, yayım dairəsinə görə dünya mediasının qlobal media strukturundan geri qala bilər, amma fərd halında mediamızda peşəkar jurnalistlər çoxdur.
Səbinə Cəlilli
