Bu gün:

Yay içkiləri hansılardır?


Yayda təravətləndirici içkilərdən yararlana bilərsiniz. İsti havada sərinləmək üçün içməli olduğunuz içkilərlə tanış olaq.

Qızmar istinin özünü göstərdiyi bu günlərdə mayeyə ehtiyacımız xeyli artır. Çoxumuz sərinləmək üçün turşulu, qazlı soyuq içkilərə üstünlük veririk, amma ehtiyatlı olmaq lazımdır. Bu içkilərdəki həddindən artıq şəkər kilo almağa, yüksək miqdarda turşu isə mədə narahatlığına səbəb ola bilər. Ona görə də sərinləmək üçün etməli olduğumuz şey sağlam içkilər seçməkdir.

Acıbadem Fulya Xəstəxanasının Qidalanma və Pəhriz Mütəxəssisi Müzeyyen Çelik asan hazırlanan, sərin saxlayan içki reseptləri bölüşüb.

Buzlu şaftalı çayı

2 orta şaftalını, yarım stəkan kişmişi, 2 stəkan su ilə birlikdə inqrediyentlər əzilənə qədər bişirin. Əldə etdiyiniz qarışığı süzdükdən sonra üzərinə 1 stəkan çay və 4 stəkan su əlavə edin. Soyuducuda soyudub təzə nanə yarpağı əlavə edib ləzzətlə içə bilərsiniz. Vitamin və minerallarla zəngin olan şaftalı ürək, dəri, göz, bağırsaq, qan azlığı və mədə problemlərinin həllində faydalı ola biləcək bir meyvədir.

Çiyələkli süd kokteyli

5-6 çiyələyi yarım stəkan südlə qarışdırıcı ilə qarışdırın. Qarışıq alındıqdan sonra üzərinə 1 qaşıq yüngül dondurma əlavə edin və qarışdırmağa davam edin. İstifadə edərkən ona darçın əlavə edə bilərsiniz. C vitamini baxımından çox zəngin olan çiyələk xolesterinin səviyyəsini aşağı salır. Çiyələk ürək-damar sağlamlığının qorunması və xərçəngin qarşısının alınmasında çox faydalıdır.

Çiyələk suyu

1 stəkan çiyələyi 1 tam limon suyu və 3 stəkan su ilə birgə qaynadıb blenderdən keçirdin. İncə süzgəcdən keçirib nanə və buz əlavə edərək içə bilərsiniz. Antioksidant gücü yüksək olan çiyələklə əldə etdiyimiz bu qarışım orqanizmi toksinlərdən təmizləməyə kömək edir.

Şəkərsiz limonad

4 limon, 1 limon qabığı, 1 xörək qaşığı bal və sürtgəcdən keçirilmiş təzə zəncəfili 4 stəkan su ilə qarışdırıb bir neçə saat soyuducuda saxlayın. Bol C vitaminli limondan hazırlanan şəkərsiz limonad kökəlmək istəməyənlər üçün isti havalarda ən gözəl seçimdir.

Mənbə : Habertürk

Tərcümə etdi : Samirə ismayılova

Paylaş