24media.az-ın budəfəki müsahibi İkiqat bodibildinq çempionu və məşqçi Orxan Nəcəfovdur. O, bədən estetikası ilə bağlı danışıb.
Sosial mediada bədən estetikası ilə bağlı yayılan ideallar realdırmı?

Sosial mediada gördüyümüz bədən estetikası hər zaman reallığı əks etdirmir. Bəzi insanlar foto və videolarda filtrlər, işıqlandırma və müxtəlif vizual effektlərdən istifadə edərək özlərini daha əzələli və ideal göstərməyə çalışırlar. Bu, izləyici cəlb etmək, müştəri toplamaq və gəlir əldə etmək məqsədi daşıya bilər. Lakin bu, o demək deyil ki, hər kəs belədir. Reallığı ilə uyğun görüntü paylaşan insanlar da var. Ümumilikdə isə sosial mediada təqdim olunan bədənlər reallığın bir qədər dəyişdirilmiş formasıdır. Buna görə də bu görüntüləri ideal kimi qəbul etmək əvəzinə, real və sağlam hədəflərə yönəlmək daha doğrudur.
Bədən inkişafı yalnız kişilər üçün uyğundur?
Xeyr, bədən inkişafı yalnız kişilər üçün deyil, hər kəs üçün uyğundur-qadınlar, yaşlılar və hətta uşaqlar da daxil olmaqla. Sadəcə olaraq bu inkişafın sürəti və səviyyəsi fərqlidir. Kişilərdə testesteron hormonu daha yüksək olduğundan əzələ artımı daha sürətli baş verir. Qadınlarda isə bu hormonun səviyyəsi aşağı olduğundan inkişaf nisbətən yavaşdır, lakin mümkündür. Eyni zamanda, yaşlılar məşq etməklə əzələ itkisinin qarşısını ala bilər, sağlamlıqlarını qoruya bilərlər. Uşaqlar da müəyyən nəzarət altında, yaşlarına uyğun formada idmanla məşğul ola bilərlər.
Qadınlar üçün bədən inkişafında bir sərhəd var. Əgər ifrat dərəcədə məşq edilərsə, bu onların fiziki görünüşünə mənfi təsir edə bilər. Kişilər isə bu baxımdan daha sərbəstdirlər. Onlar nə qədər çox məşq etsələr, o qədər formalaşırlar. Buna görə də kişilər bu idman növündə daha çox üstünlük təşkil edir. Amma ümumilikdə, hər kəs düzgün qidalanma və uyğun məşq proqramı ilə sağlam və formada bir bədən quruluşuna sahib ola bilər.
Aysu Əsədova
