Son illərdə texnologiyanın evlərə inteqrasiyası sürətlə artmaqdadır və bu sahədə ən çox maraq doğuran suallardan biri də robot tozsoranların necə işlədiyidir. Gündəlik təmizlik yükünü azaldan bu ağıllı cihazlar, xüsusilə sürətli həyat ritmində insanlara böyük rahatlıq təmin edir. Sakit və səmərəli işləmə prinsipləri ilə diqqət çəkən bu kiçik köməkçilər, bir çox insan üçün hələ də maraq doğuran texnoloji yenilik olaraq qalır. Onların necə bu qədər sistemli və effektiv çalışdıqlarını anlamaq isə cihazdan daha düzgün və səmərəli istifadə baxımından vacibdir.

Robot tozsoran nədir?
Robot tozsoran – adətən disk formalı dizayna malik, döşəməni avtomatik şəkildə təmizləyə bilən ağıllı cihazdır. Ənənəvi tozsoranlardan fərqli olaraq bu cihazlar istifadəçi müdaxiləsi olmadan müəyyən əraziləri proqramlaşdırılmış şəkildə təmizləyə bilir. Sensorlarla təchiz olunmuş bu qurğular xalça, parket, kafel kimi müxtəlif səthləri tanıyaraq, həmin səthlərə uyğun təmizləmə rejimini avtomatik seçə bilir.
Əksər modellər otağın xəritəsini tərtib edərək, əşyalarla toqquşmadan naviqasiya edir və qarşısına maneə çıxarsa, istiqamətini dəyişir. Zamanlama parametrləri sayəsində evdə heç kim olmadıqda da təmizləmə işini davam etdirə bilər. Daha inkişaf etmiş modellər mobil tətbiqlərlə idarə olunur, konkret zonalar seçilə bilər və təmizlik tarixçəsi izlənilə bilər.
Xüsusilə, məşğul insanlar, yaşlılar və ev heyvanı sahibləri üçün əvəzolunmaz bir köməkçiyə çevrilən robot tozsoranlar həm vaxta qənaət, həm də daimi təmiz mühit yaratmaq baxımından böyük üstünlüklərə malikdir.
Əsas xüsusiyyətlər nələrdir?
Robot tozsoranlar təkcə təmizlik deyil, həm də istifadəçinin rahatlığını təmin etmək üçün geniş funksionallığa malikdir. Texnologiyanın inkişafı bu cihazların ağıllı ev sistemlərinə asanlıqla inteqrasiya olunmasına şərait yaradır. Fərqli marka və modellər mövcud olsa da, əksər robot tozsoranlarda aşağıdakı ümumi xüsusiyyətlərə rast gəlinir:
Sensor texnologiyası: Maneələri və pilləkənləri aşkar edərək toqquşmaların və düşmələrin qarşısını alır.
Döşəmə tanıma: Fərqli səthləri analiz edir və təmizləmə üsulunu ona uyğunlaşdırır.
Xəritələmə sistemi: Ətrafın xəritəsini çəkərək daha sistemli təmizlik həyata keçirir.
Mobil tətbiq dəstəyi: Telefon və planşetlər vasitəsilə idarəetmə, zamanlama və ərazi seçimi imkanı verir.
Avtomatik doldurma: Batareya azaldıqda cihaz özü doldurma stansiyasına qayıdır.
Bəzi modellərdə silmə funksiyası da mövcuddur. Bu isə o deməkdir ki, eyni anda həm tozsoran, həm də silmə funksiyası yerinə yetirilə bilər – bu da robot tozsoranları çox yönlü bir ev köməkçisinə çevirir.
Robot tozsoran necə işləyir?
Robot tozsoranlar sensorlar, mühərriklər və proqram təminatı vasitəsilə müstəqil şəkildə təmizlik həyata keçirən ağıllı sistemlərdir. Onların iş prinsipi yerləşdiyi mühiti analiz edərək, optimal təmizlik marşrutu yaratmaq üzərində qurulub. İşə salındıqda cihaz ilk növbədə ətrafını tanıyır, maneələri müəyyənləşdirir və xəritə yaradır. Bu prosesdə infraqırmızı sensorlar, giroskoplar və kameralar birgə fəaliyyət göstərərək düzgün naviqasiyanı təmin edir.
Əsas iş mərhələləri belədir:
Sensorlar vasitəsilə ətrafı qavrayır və maneələri tanıyır.
Təmizləmə marşrutu təyin edərək sistemli hərəkət edir.
Fırçalar və vakuum sistemi ilə toz, kir və tük kimi çirkləri toplayır.
Topladığı çirkləri daxili toz kamerasında saxlayır.
Batareya səviyyəsi aşağı düşdükdə, doldurma stansiyasına geri qayıdır.
İnkişaf etmiş modellər Wi-Fi bağlantısı ilə mobil tətbiqlər üzərindən də idarə oluna bilər. Onlar istənilən gün və saat üçün təmizləmə planı qurmaqla, ev sahibinin iştirakı olmadan müstəqil fəaliyyət göstərə bilir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
